Fariz Yusifovun Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ" - "Qarabağ" matçına baş hakim təyin olunacağı 3 tur əvvəldən məlum imiş. Sportnet.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "CBC Sport"da "Bizim futbol" verişində açıqlama verib.
Onun sözlərinə görə, həmin vacib oyuna təyinatla bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla məsləhətləşiblər: "Fariz hakimlərin Antalyada təlim-məşq toplanışında olmasa da, həm fiziki, həm də psixoloji cəhətdən hazır idi. Belə qərara gəldik ki, bu məsul oyunu məhz belə təcrübəli hakimə tapşıraq. Halbuki, Farizin bundan xəbəri yox idi. Ona 1 tur öncə təyinat verdik və yüksək səviyyədə idarəçiliyi ilə "Qəbələ" - "Qarabağ" matçının öhdəsindən gələcəyinə əmin olduq. Əliyar Ağayevin "Qarabağ"la söz-söhbətləri çıxdığından, onu təyin etməyimiz düzgün olmazdı".
PFL başçısı "Qəbələ"nin vurduğu ilk qolda Yusifovla yan xətt hakimi Azər Əsgərov arasında olan dialoqa da toxunub: "Qolun ilk olaraq sayılmadığı həmin epizodda elə düşündüm ki, laynsman topun meydandan çıxdığını düşünüb. Ona görə də bayrağını qaldırdı və Fariz qolu saymadı. Ancaq sonradan baş hakimlə köməkçisi arasında söhbətdə məsələyə aydınlıq gətirdilər. Azər Əsgərovu günahlandırmaq düzgün olmazdı. O, elə zənn edib ki, top "Qəbələ"nin hücumçusundan gedib və buna görə ofsayd idi. Ancaq Yusifov topun "Qarabağ"ın futbolçusundan getdiyini bildirərək anlaşılmazlığa son qoydu. Buna görə baş hakimə "çox sağ ol" demək lazımdır".