"Neftçi”nin müdafiəçisi Jayro Rodriqes "Qarabağ”la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Uzun müddətdir ki, oynamırdınız. Ancaq dönüşünüz uğurlu alınmadı. "Neftçi”nin mövsümü titulsuz başa vurması haqda nə deyərdin?
- "Qarabağ”a qarşı oynayacağım gözlənilməz oldu. Ancaq Kiril Petrov zədələndiyindən meydana çıxmalı oldum. Komandama kömək etməyə çalışdım. Bu da yetmədi. Çünki finala çıxa bilmədik, mübarizəni dayandırdıq. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.
- Niyə "Qarabağ” səddini keçə bilmədiniz?
- Futbolda hər şey olur. Evdəki oyunda "Qarabağ”a uduzmasaydıq hər şey tamam başqa cür ola bilərdi. Cavab matçında çox çalışdıq, ancaq yenə yetərli olmadı. Bütün fikrimizi çempionat matçlarına yönəltmişik.
- Yubiley mövsümündə titulsuz qalmaq əsasən kimin günahıdır?
- "Qarabağ”la oyun haqda sualınız varsa cavablandıra bilərəm. İndi "Neftçi”nin hansı durumda olduğunu bilirsiniz. Mövsümə başqa heyətlə başladıq, qışda heyət dəyişdi. Birinci və ikinci dövrədə çox şey itirdik. Qış fasiləsindən sonra isə ən yaxşı nəticə verən komandalardanıq.
- Mövsüm sonunda "Neftçi”dən göndərilmə ehtimalınız var?
- Oynayıb-oynamamağım baş məşqçinin qərarıdır. Şans verilərsə, hər zaman oynamağa hazıram. "Neftçi”də qalıb-qalmayacağıma rəhbərlik qərar verəcək.
- Azarkeşləriniz baş məşqçini istefaya səsləyirdi. Üstəlik siz də onlara təşəkkür bildirmədən birbaşa paltardəyişmə otağına yollandınız...
-Oyun bitəndən sonra paltardəyişmə otağına yollandım. Çünki çox üzülmüşdük. Azarkeşlərin nə etdiyini görmədim. Bu haqda bir söz deyə bilmərəm.