AZAL-ın futbolçusu Nuqzar Kvirtiyanın evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra Sportnet.az-a müsahibəsi...
- "Sumqayıt”la matçda bir xal da qazana bilmədiniz və uduzdunuz. Bu dəfə nə çatmadı?
- Nə baş verdiyini bilmirəm. Hər şeyi etdik ki, yaxşı nəticə əldə edək. Ancaq top heç cür qapıya daxil olmaq istəmirdi. "Sumqayıt”ın 3 qol epizodu var idi və onların 2-dən yararlandı.
- Oynadığın klublarda bu qədər məğlubiyyət görmüşdün?
- Xeyr, heç vaxt bu qədər uduzmamışdıq.
- "Neftçi”, "Kəpəz” və AZAL-la matçlarınız qalıb. Bu oyunlardan qələbə ilə ayrıla biləcəyinizi düşünürsünüz?
- Ümidvaram ki, hər 3 matçda qalib gələcəyik. Ancaq qələbə qazanmağımız üçün nə edəcəyimizi bilmirik. 25 oyundan cəmi 1-də qalib gəlib, 7-də heç-heçə etmişik. 17 oyunda uduzmaq çox üzücüdür.
- Rəhbərlik nə deyir: Heç sizinlə görüş olubmu?
- Hər şeyi müzakirə edirik. Oxudum ki, AZAL I Diviziona yuvarlanacaq. Amma hər şey AFFA İcraiyyə Komitəsinin qərarından asılı olacaq. AFFA-nın hansı qərar verəcəyini bilmirəm. Hər halda rəhbərlik bizə dəstəkdir. Sadəcə, qalib gələ bilmirik.
- AZAL Azərbaycan futboluna çoxmu lazımdır?
- Komanda birinci il deyil ki, Azərbaycan Premyer Liqasında çıxış edir. 11 ildir ki, elitadadır. Üstəlik, 2 dəfə avrokuboklarda Azərbaycanı təmsil etmişik, gözəl baza və infrastruktur var.
- Hansısa təkliflər almısınız?
- Hələ ki, yoxdur. Çünki bütün fikrim AZAL-la bağlıdır. Qarşıda 3 oyun qalıb. Nə deyəcəyimi də bilmirəm.