"Biz futbolçular öz üzərimizə düşən işi görmüşük. Digər işlərlə rəhbərliyimiz məşğul olur. Hamımız inanırıq ki, gələn mövsüm üçün Premyer Liqada iştirak edəcəyik. İnanırıq ki, AFFA rəhbərliyi də əziyyətimizi yerdə qoymayacaq". Bunu Sportnet.az-a açıqlamasında "Turan-Tovuz"un kapitanı Azər Məmmədov deyib.
Məmmədov komandanın Premyer Liqaya buraxılmayacağı söz-söhbətlərlə bağlı da fikirlərini bildirib. Bununla yanaşı Məmmədov, millət vəkili Qənirə Paşayevanın komandaya olan dəstəyindən danışıb: "Turan-Tovuz”un Premyer Liqaya buraxılmayacağı söz-söhbətləri boş yerə çıxır. Bizə minlərlə azarkeş dəstək verir. Son turda "Qaradağ-Lökbatan”la oynayacaq və həmin matçda bizə necə dəstək olduğunu görəcək hamı.
Qənirə Paşayevə bizimlə daima maraqlanır. Tovuz Rayon İcra hakimiyyətinin rəhbərliyi də hər zaman yanımızdadı və bizimlə maraqlanırlar. Bildiyim qədərilə Qənirə Paşayevə sabahkı oyunumuzda da bizimlə olacaq və dəstək göstərəcək. Sponsor məsələsinə qaldıqda, mətbuatdan eşidirk hər şeyi. İnanırıq ki, sponsor da tapılar. Çünki böyük ümidlə bunu gözləyirik.
Tovuzda sabah əsl bayram, çempionluq ab-havası olacaq. Tovuzdakı azarkeş dəstəyi heç Premyer Liqa oyunlarında görmək olmur. Maddi problemimiz olmasa, məncə Premyer Liqada çıxış edən tovuzlu futbolçuları elə komandamıza dəvət edə bilərik. Mənə elə gəlir ki, tovuzlu oyunçular komandaya kömək olarlar".