
"Riçard Almeydanın Şimali İrlandiya yığması ilə oyuna çağrılıb-çağrılmayacağı mənim üçün çox maraqlıdır”. Bunu Sportnet.az-a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır deyib.
Türkiyəli menecer bildirib ki, "Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisinin oyununu çox bəyənir. O, Qətərlə yolaşlıq üçün yığmaya dəvət olunan, lakin səfərə aparılamayan Almeydanın Azərbaycan millisinə çox faydalı olacağı qənaətindədir: "Onun yığmanın toplanışı üçün açıqlanacaq heyətdə yer alıb-almayacağını maraqla gözləyirəm. Vətəndaşlıq məsələsinin nə yerdə qaldığından xəbərsizəm. Onun oyunu bəyənirəm və düşünürəm ki, Azərbaycan yığmasını çox gücləndirəcək”.
Y.Çalışır Azərbaycan yığmasının daha da uğurlu çıxış etməsi üçün futbolçuların legioner həyatı yaşamalı olduqlarını söyləyib. Onun sözlərinə görə, hazırda ən önəmli məqam budur: "Azərbaycanlı futbolçuların transfer məsələsi ilə məşğul olmuram. Lakin yığmanın daha da yaxşı nəticələr əldə etməsi üçün onların Avropa klublarına transfer olunması, oranın mentalitetinə uyğunlaşmaları çox vacibdir. Robert Prosineçi də hər zaman bunu söyləyir. O, futbolçuların Azərbaycandan kənarda çıxış etmələrinin tərəfdarıdır”.
Qeyd edək ki, Azərbaycan milli komandası mayın 20-də Avstriyaya təlim-məşq toplanışına yollanacaq. Azərbaycan - Şimali İrlandiya matçı isə iyunun 10-da Tofiq Bəhramov adına Respublika keçiriləcək.