Keçmiş futbolçusu Yens Vemmer Yunanıstanın "Panatinaikos" klubundan FİFA-nın Mübahisəli Məsələlərin Həlli Komitəsinə şikayət edib. Sportnet.az-ın məlumatına görə, almaniyalı yarımmüdafiəçi Afina təmsilçisindən fevralın 28-dən mayın 30-dək ona çatmalı olan əmək haqqını və yanacaq pulunu istəyir.
Vemmer "yaşıllar"la 29 may 2015-ci ildə 3 illik müqavilə bağlayıb. Lakin o, 2016-cı ilin yanvarından əsas heyətə düşə bilmir. 32 yaşlı sağ cinah oyunçusuna özünə yeni klub tapması tövsiyə olunub. Futbolçunun illlik əmək haqqı 510 min avrodur. Hələ bir il müqaviləsi qüvvədə olan Vemmer 2017-2018 mövsümündə başqa komandaya keçməsə, "Panatinaikos"dan 175 min avro təzminat almalıdır.
Anlaşmaya əsasən, Yunanıstan klubu ona ayda 800 avro nəqliyyat xərci də ödəməlidir. Təcrübəli forvard bu tələbi də şikayət ərizəsində göstərib.
Klub isə Vemmerin FİFA-ya müraciətinə belə reaksiya verib: "Ödəniş peşəkar səlahiyyətlərin nə dərəcədə səmərəli yerinə yetirilməsindən asılıdır. Amma bu, qaneedici olmadığı üçün Yens Vemmerin adı əsas komandamızın heyətinə daxil edilməyib".
Qeyd edək ki, "Panatinaikos" "Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibidir. İki komanda arasında Afinada keçirilmiş ilk oyunda meydan sahibləri qalib gəlib - 1:0. Cavab görüşü avqustun 3-də Bakıda olacaq.