"Çempionatın startını səbirsizliklə gözləyirdik. Yaxşı başlamaq istəyirdik, amma alınmadı. İlk hissəyə baxanda fasilədən sonra yaxşı oynadıq. 1:3 hesablı məğlubiyyətdən sonra danışmaq çətindi. Azarkeşlərimiz bu gün yaxşı dəstək oldular. Belə alındı. Onlardan üzr istəyirik. Növbəti matçlarda qalib gəlməyə çalışarıq”.
Sportnet.az-ın məlumatına görə, bunu
"Neftçi”nin baş məşqçisi Elxan Abdullayev evdə "Qarabağ”a 1:3 hesabı ilə uduzduqları
Azərbaycan Premyer Liqasının ilk turunun açılış oyunundan sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Elnur Cəfərovun oyunundan nə dərəcədə razı qaldnız?
- Matç əvvəldən planlaşdırdığımız kimi getmədi. Buraxdığımız ilk qol planlarımızı pozdu. Elnura vaxt lazımdır. Gənc futbolçudur, gələcəyi var. Nəsə alınmırdı, amma çalışırdı. Necə razı qala bilərəm ki, məğlub olmuşuq. Lakin perspektivi var.
- "Neftçi” rəqibinə nədə uduzdu?
- Mən istəyərəm ki, "Qarabağ” həmişə əsas heyətlə oynasın. Çünki çoxdan oynamayan futbolçular özlərini göstərməyi daha çox istəyirlər. İkinci heyət dediyiniz milli üzvlərindən ibarətdir. Təcrübə sözünü dedi. 7-8 ildir bir yerdə oynayan futbolçulardır. Amma bu, o demək deyil ki, biz uduzmalı idik.
- Səlahət Ağayev "İnter”in "Fola” ilə səfərdəki matçlarında da kobud səhvlərlə yadda qalmışdı. Onunla bağlı nə baş verir?
- Yəqin ki, özü analiz edəcək. "Fola” ilə oyunu müzakirə etmək istəmirəm. Bugünkü görüşə gəlincə, o epizodda çıxmamalı idi. Qapıda dayanıb, topu tutmağa çıxmasaydı, qol olmayacaqdı.
- Belə görünürdü ki, oyunu Derlis Meza Kollinin üzərində qurmuşdunuz. Komandaya yeni qoşulduğunu nəzərə alsaq, əsas heyətdə yer verməyə məcbur idiniz?
- Mən onun oyunundan razı qaldım. Ötürmələrdə səhvi, demək olar ki, olmur. Düzdür, çoxdandır oynamırdı. Amma mənə belə futbolçu lazımdır. Oyundan-oyuna artıracaq.
- İkinci hissədə "Neftçi”nin oyununda fərqə nə səbəb oldu?
- Başladıq pressinq etməyə. İlk dəqiqələrdən elə oynamaq istəmirdik. Planım o idi ki, üstünlüyü rəqibə verib, onları əks-hücumda tutmaq. Amma öz səhvlərimizdən qollar buraxdıq və bütün planımız pozuldu.