"Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Minimal hesabla uduzdunuz. Matçla bağlı nə deyə bilərsiniz?
- Qarşılaşma gərgin keçdi, çox güclü və səviyyəli bir komandaya qarşı oynayırdıq. Əlimizə düşən fürsətlərdən yararlana bilsəydik, oyun başqa cür də ola bilərdi. Nə yazıq ki, bu, futboldur. Vurmayana, vurarlar – deyimi özünü doğrultdu. Bir real qol şanları oldu, ondan da istifadə etdilər. Bu da komandanın ustalığından irəli gəlir. Biz də çox əziyyət çəkdik.
- İlk turda "Kəpəz”lə görüşdə "Sumqayıt” daha yaxşı təsir bağışlamışdı. Bu gün "Qəbələ” sizə oynamağa imkan vermədi, yoxsa oyun alınmadı?
- Bu cür deməzdim, pis oynamadıq, yaxşı top saxladıq. Sadəcə olaraq, yaratdığımız qol epizodlarından yararlana bilmədik. Bu qarşılaşmada daha çox topla oynadıq.
- Sanki fasilədən sonra yoruldunuz...
- Yorğunluq deməzdim. Futboldur, bəzən olur, beyində tormozlaşma gedir. Sizin kimi düşünmürəm. İkinci hissədə də qol epizodlarımız oldu. Sadəcə, ustalıq baxımından geridə qaldıq.