"0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq bizim üçün mümkünsüz deyil. Bunu Makedoniya "Vardar"ı ilə cavab görüşündə də gördük. Amma Avropa futboluna nəzər saldıqda, tarixən bunun öhdəsindən gəlməyin çətin olduğunu görürük. Bu səbəbdən, "Qarabağ" ilk oyundan sonra favoritdir".
Sportnet.az-ın məlumatına görə, bunu Danimarka "Kopenhagen"inin baş məşqçisi Stole Solbakken "Qarabağ"la oynayacaqları Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab qarşılaşmasından öncə deyib. O bildirib ki, ötən müddətdə Super Liqada "Sonderyuske" ilə mövsümün ən yaxşı matçlarından birini keçiriblər. 49 yaşlı mütəxəssisin fikrincə, 3:2 hesablı qələbə qazandıqları görüş kollektivdə döyüş ruhunun yaxşı səviyyədə olduğunu göstərib: "Buna əsasən deyə bilərəm ki, çərşənbə günü tam fərqli oyun olacaq. Amma ilk matçda son yarım saatadək mübarizə apardığımızı, böyük rəqibin bizdən çox enerji sərf etdiyini unutmayaq. Kopenhagendə dolu tribunaların oyuna səfər matçından çox təsir edəcəklərinə ümidvarıq".
Heyət barədə də məlumat verən Solbakken Mixael Lüftner və Pyeros Sotiryunun döyüşə hazır olduqlarını, yalnız uzunmüddətli sıradan çıxan Erik Yohanssonla Tom Höqlinin oynamayacağını açıqlayıb.
Qeyd edək ki, avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda keçiriləcək "Kopenhagen" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.