"Neftçi"nin qapıçısı Səlahət Ağayev Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz"lə qolsuz heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Uşaqlar istəkli idilər. Çox çalışdıq da, alınmadı. Yaxşı şanslarımız da oldu, sadəcə, qol çatışmadı. Hamı şahid oldu ki, çoxlu qol imkanları yaratdıq. Bəxtimizin gətirmədiyini deməliyəm.
- İlk iki turda bu qədər qol vəziyyəti yaratmamışdınız. Bunun səbəbi nə idi?
- Komandamızda dəyişiklik oldu. Elxan Abdullayevlə Elşad Əhmədovun oyun stili fərqlidir. Bu gün bizim bəxtimiz gətirmədi.
- Oyun sistemində fərq nədir?
- Mən komandaya yeni qoşulmuşdum, ötən mövsüm burda olmamışam. Komandaya "İnter" Avropa Liqası ilə vidalaşdıqdan sonra gəldim. Çox az oynamışam. Nəsə ciddi bir fərq görmürəm. Bu haqda danışmağım düz olmaz.
- "İnter"də çox təzyiq altında deyildin. "Neftçi"nin futbolçusu olmaq çətindir?
- Hər bir azarkeş komandasının qələbəsini arzu edir. Bu, normal haldır. Çətinlik yoxdu. Sadəcə, mövsümə uğursuz start verdik. Bu səbəbdən də tənqid atəşinə tuş gəlmişik.
- Özün də "Neftçi"ə keçəndən sonra inamlı təsir bağışlamırsan. Bu fikirlə razısan?
- Heç bir problemim yoxdur. "Qarabağ"la oyunda səhvə yol vermişdim. Futbolda da səhvlər qaçılmazdır.