"Qəbələ" ilə Azərbaycan Premyer Liqasının III tur matçında "Qarabağ"ın qələbə topunun müəllifi Miçel jurnalistlərin suallarını cavablandırıb. Sprtnet.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi əvvəlcə oyun barədə danışıb...
- Aydındır ki, çətin oyun oldu. "Kopenhagen”lə məsuliyyətli qarşılaşmadan sonra fiziki hazırlığı yüksək olan komandaya qarşı oynadıq. Buna baxmayaraq, komandamız özünü yaxşı göstərdi.
- "Çelsi"yə və "Atletiko”ya qarşı oynamısınız. Hətta "Atletiko"ya qol da vurmusunuz. Ümumiyyətlə, "Qarabağ"ın Çempionlar Liqasında yer aldığı qrupu necə dəyərləndirərdiniz?
- Təbii ki, çətin qrupa düşmüşük. Üstəlik, "Atletiko” son 3 ildə 2 dəfə finalda oynamış komandadır. Xüsusən, səfər oyunlarımız çox çətin olacaq. Amma doğma divarlar arasında azarkeşlərin də dəstəyilə pozitiv bir şey əldə etməyə çalışacağıq.
- "Xetafe"də ikən "Atletiko”ya qarşı keçirdiyin oyunları necə xatırlayırsan?
- Həmin vaxt "Atletiko”nu yendiyimiz ərəfədə uğursuzluq zolağında idik. Bu komandaya qalib gəldikdən sonra uğurlu seriyamız başladı. Amma "Sportinq”in heyətində Madrid klubuna 0:7 hesabı ilə uduzduğumuz matçda 20-ci dəqiqədən sonra azlıqda qalmışdıq. Rəqibin heyətində David Vilya, Dieqo Kosta və Arda Turan kimi futbolçular var idi. Həmin komanda Çempionlar Liqasının finalında qələbəni son dəqiqə qolu ilə əldən verdi. Bir nəfər azlıqda belə bir güclü komandaya 0:7 hesabı ilə uduzmaq gözlənilən idi.
- Prezident İlham Əliyevlə görüşdünüz. Təəssüratlarınız necədir?
- İlk dəfə idi ki, prezidentlə görüşürdüm. İlk tanışlıq məndə xoş təəssürat oyatdı, dövlət başçısının özü yaxşı insan təsiri bağışladı. Danışığından elə başa düşdük ki, oyunlarımızı izləyir, hər kəs haqda məlumatlıdır. O da bizə dedi ki, mübarizə aparmaq, böyük uğurlar əldə etmək lazımdır, ruhdan düşmək olmaz.