
Azərbaycan millisinin və "Qəbələ" klubunun sabiq qapıçısı özünə yeni klub tapıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı qolkiper Ukraynanın həvəskarlar liqasında çıxış edən "Minay" komandasına keçib.
O uzun müddət klubsuz olduğundan, doğulduğu Ujqorod şəhərində fərdi məşqlərlə kifayətlənib. Son həftələrdə isə Ukrayna əsilli qapıçı "Minay"ın heyətində baxışda olub. Nəhayət, klubla müqavilə bağlayan Popoviçə 1 nömrəli forma verilib. İndi onu Dmitri Babenko, Vladislav Sidorenko və Vladislav Xmelevski ilə rəqabət gözləyir.
Qeyd edək ki, Andrey Popoviç Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandalarında, hətta 2 oyunda əsas millidə çıxış edib. O, "Qəbələ"dən əlavə, "Bakı", "Abşeron", Sumqayıt", "Turan", "Sumqayıt" və Türkiyənin "Tavşanlı Linyitspor" klublarının formasını geyinib. Popoviç içkiyə meylli olduğunu bir neçə dəfə nümayiş etdirib. Bu səbəbdən, o, əsas millidən və çıxış etdiyi klublardan kənarlaşdırılıb.