Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. Doqquzuncu məqalədə həkimlərdən danışacağıq.
UEFA-nın "A” dərəcəli meyarına əsasən, hər bir klubda əsas komanda üçün tibbi yardım və məsləhətin təmin edilməsi, həmçinin, dopinq-nəzarət siyasətinə cavabdeh olan ən azı bir həkim təyin etməli və o, Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən tanınan ali tibbi təhsil haqqında sənədə malik olmalıdır.
Komandanın həkiminin vəzifələri aşağıdakılardan ibarətdir:
- Oyun və məşqlərdə iştirak etməsi, oyunçulara zəruri tibbi yardımın göstərilməsi;
- Oyundan ən azı 1 saat öncə texniki işçilər üçün ayrılmış zonada olmalıdır;
- Tibb qutusunun və zəruri tibbi ləvazimatın tam şəkildə hazır olmasına təminatı;
- Tibbi otağın və təcili yardım əməkdaşları üçün yaradılmış şəraitin lisenziyalaşdırma üzrə qaydaların şərtlərinə cavab verdiyinə əmin olması;
- Antidopinq qaydaları ilə tanış olması və oyunçuları bu sahədə maarifləndirilməsi;
Lisenziya iddiaçısı onun əsas komandasında oynamaq hüququ olan bütün oyunçuların hər il mövsümqabağı tibbi müayinədən, o cümlədən, ürək-damar sisteminin müayinəsindən keçməsini təmin etməlidir. Bütün oyunçuların vacib sayılan tibbi müayinələrdən keçirilməsi üçün klubun həkimi məsuliyyət daşıyır. Adətən, müayinələri klubun həkimi aparır, lakin oyunçular digər tibb mütəxəssislərinə də göndərilə bilər. Bundan başqa, həkim tibbi kartların vaxında təzələnməsinə və məxfiliyinə məsuliyyət daşıyır, onu əvəz edən həkimi təlimatlandırır.
Milli assosiasiyalara məsləhət görülür ki, müəyyən olunmuş tələblərin yerinə yetirilməsi və fikir mübadiləsi aparmaq üçün ildə bir dəfə Tibb komitəsi üzvlərinin klublara getməsini təşkil etsinlər.
Hər bir oyunçunun tibb kartı olmalıdır. Buna keçirilmiş müayinələrin nəticələri və təhlillərinin qovluğu da deyə bilərik. Qovluqdakı sənədlər məxfi xarakter daşıyır və klubun həkimi buna riayət etməlidir. Klub oyunçuların tibbi kartların daima təzələnməsi haqqında yazılı bəyannamə təqdim etməlidir.
Tibbi kartlarda bu məlumatlar mövcuddur: Ailənin anamnezi (valideynlər, bacılar, qardaşlar), oyunçunun anamnezi, oyunçunun şikayətləri, tibbi preparatlara qida əlavələri, peyvəndlər, ümumi tibbi müayinə, xüsusi kardioloji müayinə, laboratoriya tədqiqatları, ortopedik müayinə, aldığı zədələr haqda məlumat.
Əsas komanda ilə yanaşı, gənclər komandalarının oyunçularının tibbi müayinəsi təşkil olunmalıdır. 14 yaşına qədər gənclər komandalarının tibbi xidməti ailə və məktəb həkiminə aiddir (milli qanunvericilik nəzərə alınmaqla). Hər bir müayinə valideynlərin razılığı ilə olmalıdır. Beləliklə, klub həkimindən 15 yaşınadək olan futbolçuları tibbi müayinədən keçirmək tələb olunmur. Bununla belə, klub lazım olan hallarda bütün gənc futbolçulara tibbi xidmət göstərməlidir.
Gənclər komandası oyunçularına öz və rəqib meydanında (həmçinin, səfərlər zamanı) keçirilən oyunlar zamanı tibbi xidmətin təşkili strukturuna klubun "Gənclər futbolunun inkişafı proqramı"nda baxılmalıdır.
Klubun gənclər futbolunun inkişafı proqramında oyunçulara tibbi xidmətlə əlaqədar aşağıdakı məlumatlar göstərilməlidir:
a) Öz meydanında və məşqlər zamanı tibbi xidmətə cavabdeh olan həkimin adı, ünvanı, telefon nömrəsi;
b) Meydança və tədris-məşq obyektlərində dərman qutularının saxlandığı yer;
c) Yaxındakı xəstəxananın yerləşdiyi yer və əlaqə məlumatları (telefon nömrəsi və s.);
d) Rəqib meydanında oyunlar zamanı tibbi xidmətin təşkili (adətən, yerli klubun həkimi həm də qonaq komandanın oyunçularına xidmət edir);
e) Gənclər komandasının məşqçiləri lazım olan hallarda (məsələn, zədə və s.) ilk tibbi yardım göstərməli və valideynləri məlumatlandırmalıdır;
f) Gənclər komandalarının oyunçularına ilk tibbi yardımın göstərilməsini, onun metodikasını öyrətmək;
g) Klub tərəfindən 15 – 21 yaşlı gənclər komandaları üçün tibbi xidmətin metodikası xüsusi hazırlanmalı və tibbi kartlar tərtib edilməlidir.
Klublar 15 – 21 yaşlı gənclər komandalarının tibbi müayinələrini aparmağa, həmçinin, Gənclər futbolunun inkişafı proqramı çərçivəsində lazımi tədbirləri həyata keçirməyə görə cavabdehlik daşıyırlar.
Təəssüf ki, hazırda Azərbaycan Tibb Universitetində idman həkimi ixtisası ilə bağlı fakultə yoxdur. Ona görə də azərbaycanlı tibb işçiləri üçün yeganə çıxış yolu xarici ölkələrdə təşkil edilən təkmilləşmə kurslarında iştirak etməkdir.
Son illər ölkənin ən populyar klubu olan, Çempionlar Liqasının qrupuna düşməklə, tarix yazan "Qarabağ”ın həkimi Səhhət Rüstəmzadə əvvələr tam fərqli istiqamətdə - hərbidə çalışıb. Özü də o, döyüş bölgəsində xidmət edib. Tale elə gətirib ki, fəaliyyətini futbol sektorunda davam etdirməli olub. İndi Ağdam komandasının futbolçularının səhhətinə Səhhət həkim cavabdehlik daşıyır...
- 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsini bitirmişəm. Bundan sonra Hərbi Səhra Cərrahiyyəsi kafederasında müəllim işləmişəm. Həmçinin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Travmatologiya və Ortopediya şöbəsinin həkimi olmuşam. Eləcə də Eksperimental Cərrahiyyə Laboratoriyasının müdiri vəzifəsində çalışmışam. 2000-ci il ildə hərbi xidmətə çağırılmışam. N saylı hərbi hissədə tibb məntəqəsinin rəisi kimi fəaliyyət göstərmişəm. 2001-2002-ci illərdə isə N saylı hərbi hissədə tibbi xidmət rəisi olmuşam.
- Futbol sektoruna gəlişiniz necə baş verib?
- Futbol karyerama hərbidən qayıtdıqdan sonra "Xəzər Universteti” komandasında başlamışam. Bu sektora gəlişim təsadüfi olub. İkinci iş kimi məşğul olurdum. 2011-ci ilə qədər Hərbi səhra cərrahiyyəsi kafederası ilə paralel olaraq, klubda da çalışmışam. 2004-cü ildə "Xəzər Universiteti” adını dəyişib, "İnter” oldu. 2015-ci ilə qədər burada fəaliyyət göstərdim. Daha sonra "Qarabağ”dan dəvət aldım.
- İdman həkimi kimi fəaliyyət göstərmək üçün nələr tələb olunur?
- Hazırda Azərbaycan Tibb Universitetində idman həkimliyi ixtisası yoxdur. Yalnız müalicəvi bədən tərbiyəsi kafedrası mövcuddur ki, bir semestr ərzində 42 saat dərs olur. Ona görə də, fərdi şəkildə ixtisaslaşma və təcrübə toplamaq lazımdır.
- Hərbi və idman sahəsində oxşarlıqlar çoxdur?
- Fərqli istiqamətlərdir. Düzdür, hər iki sahədə gözlənilməz zədələr olur. Lakin idmanda tələblər başqadır. Stasionar müalicədə xəstənin 3 və ya 5 aya sağalmasının fərqi yoxdur. Ancaq futbolçunu qısa müddətdə meydana qaytarmalısan.
- Yerli futbolçularla işləmək daha asandır, yoxsa əcnəbilərlə?
- Elə bir fərq yoxdur. Biz üzərimizə düşəni edirik. Bir komandayıq, ayrıseçkilikdən söhbət gedə bilməz.
- Lakin legionerlər bir qədər fərqli olurlar. Məsələn, ehtiyac duyulanda iynə ilə meydana çıxmırlar...
- Ola bilər. Ancaq şəxsi təcrübəmdə bu cür halla rastlaşmamışam. Zədəli futbolçunun durumuna görə qiymət veririk. İynə ilə meydana məcburi çıxardan yoxdur. Əlbəttə, sağalma prosesində futbolçunun istəyi, davranışları da önəmlidir. Elə olur ki, futbolçu zədəli olsa da, meydana çıxmaq istəyir. Bu cür vəziyyətlərdə ona mane oluruq. Çünki zədəni təzələyə bilər.
- Tibbi xidmətin təşkilini necə aparırsınız?
- Komanda üzvlərini il ərzində iki dəfə ümumi müayinədən keçiririk. Sonda terapevt baxır və heç bir problem yoxdursa, sağlamlıq haqda arayış verilir.
- Futboldakı karyeranız ərzində oyun zamanı rastlaşdığınız ən ciddi zədə hansı olub?
- "İnter”də çalışdığım dönəmdə Fuad Bayramovun zədələndiyi epizodu qeyd edərdim. Mübarizə zamanı yerə yıxıldı və öz dirsəyi ilə böyrəyini partlatdı. Onu xəstəxanaya gecikdirmək həyatının sonu olardı.
- Yəqin ki, idman formanıza da fikir verirsiniz. Adətən, matçlar zamanı artıq çəkili həkimlər meydana qaçanda azarkeşlər "Sən çatana qədər öləcək” formasında atmacalar atırlar...
- Əlbəttə, boş zamanlarda idmanla məşğul olur, çəkimə fikir verirəm. Həkim oyunun tempi ilə ayaqlaşmağı bacarmalıdır.
- Futbol sahəsi maraqlıdır, yoxsa hərbi?
- Hərəsinin özünə görə maraqlı cəhətləri çoxdur. Əsas odur ki, işini sevəsən.
- Oyunlar zamanı həyəcan keçirirsiniz?
- Bəli, özü də çox. Lakin çalışıram ki, özümü toparlayım, bunu büruzə verməyim. Çünki sən də komandanın bir üzvüsən, klub rəsmisi də, məşqçi də, futbolçu da, həkim də. Bir sözlə, hamı ümumi nəticə üçün çalışır. Onu da əlavə edim ki, hərbidə həyəcan daha çox olur. Özüm ön cəbhədə olduğum üçün çox hallarla üzləşmişəm. Güllə yarası, qəlpə xəsarəti ilə müqayisədə futbol həyəcanı elə də ağır deyil. Sadəcə, bəzən üzücü zədələr olur.
- Futbolçuların dopinq məsələsinə necə nəzarət edirsiniz?
- Bu ildən daxili yarışlarda da dopinq-testlər aparılacaq. Beynəlxalq görüşlərdə isə həmişə olub. Ümumdünya Antidopinq Agentliyinin verdiyi xüsusi blanklar var. Orada hansı tərkibli dərmanların dopinqə düşdüyü göstərilib. İşimizi buna uyğun qururuq. Futbolçunu da elə nəzarətdə saxlamalısan ki, özü fərdi qaydada içdiyi dərmanları həkimdən gizlətməsin. Futbolçu hansı dərmanı nə məqsədlə qəbul edibsə, bu, anketlərdə əskini tapmalıdır.
- İdman həkimliyi ilə bağlı ixtisasartırma kurslarına qatılmısınız?
- Bəli. Bununla bağlı Türkiyə, Bolqarıstan və Almaniyada UEFA-nın seminarlarında olmuşam. Son vaxtlar işlərim çox olduğu üçün gedə bilmirəm. Ukrayna və Almaniyada da idman həkimlərinin təkmilləşməsi üçün xüsusi kurslar mövcuddur.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.