Vüqar MƏMMƏDOV
“Sabah” futbol klubu ilk yarananda Bakı komandası kimi təqdim olunmuşdu.
Lakin araşdırmadan sonra bu nəticəyə gəlmək olur ki, klub Masazırı təmsil edir. Burada hər hansı problem yoxdur – komanda çempionatda çıxış etdiyi ölkənin istənilən yaşayış məntəqəsini təmsil edə bilər.
“Zirə” futbol klubu da qəsəbə təmsilçisidir. Ancaq Zirə qəsəbəsi Bakı şəhərinin ərazisinə daxil olduğuna görə klubun adının qabağında təmsil etdiyi şəhər kimi “Bakı” yazılmalıdır.
Amma Masazır belə deyil. O, Abşeron rayonunun ərazisində yerləşir. Buna görə də “Zirə”yə Bakı klubu demək mümkündürsə, “Sabah” üçün bu deyilmir, biz onu Masazır klubu adlandırırıq.
Daha maraqlı məqam budur ki, Abşeron rayonunun inzibati mərkəzi Masazır yox, Xırdalan şəhəridir. Masazır isə rayonun ən kiçik yaşayış məntəqələrindən biridir. Rəsmi sənədlərdə qəsəbə statusu daşısa da, bəzi mənbələrdə adı hələ də kənd kimi çəkilir. Paradoks ondadır ki, rayonun mərkəz şəhərinin futbol komandası yoxdur, amma ən kiçik yaşayış məntəqəsindən ölkənin aparıcı klublarından biri çıxır. Əlbəttə, bu mümkündür və tamamilə təbii haldır. Biz sadəcə faktı qeyd edirik.
Daha dərindən baxdıqda isə məlum olur ki, “Sabah” rəsmi sənədlərdə Bakı klubu kimi göstərilir. Məsələn, Peşəkar Futbol Liqasının saytında komandanın təmsil etdiyi yer “Bakı” olaraq qeyd olunub.
Bu nəticəyə gəlmək olar ki:
• Hüquqi baxımdan – “Sabah” Bakını təmsil edir.
• Coğrafi və praktik baxımdan – Masazırda yerləşir və faktiki olaraq həmin ərazinin simvoluna çevrilib.
Yazı ilə birgə “Sabah”ın loqosu və iki xəritə paylaşmışam. Xəritələrdən birində qırmızı rənglə Abşeron rayonunun, digərində isə Bakı şəhərinin ərazisi göstərilib.
“Qartalın dimdiyi” adlanan hissə isə bildiyiniz kimi Abşeron yarımadasıdır. Bu xəritələrə diqqət etsək, maraqlı mənzərə ortaya çıxır: Abşeron yarımadasında Abşeron rayonuna aid demək olar ki, ərazi qalmayıb.
Halbuki əvvəllər belə deyildi. Abşeron rayonu öz adını məhz eyni adlı yarımadadan götürüb. Çünki bir vaxtlar yarımadanın ərazisinin 80–90 faizi Abşeron rayonuna aid idi, yalnız kiçik hissəsi Bakının tabeliyində idi.
Tarixə baxsaq görərik ki, Zirə, Mərdəkan və onlarla başqa kənd vaxtilə Abşerona aid olub, sonradan isə Bakının tabeçiliyinə verilib.
Əvvəllər Abşeron rayonuna daxil olub, indi isə Bakı şəhərinin rayonlarına məxsus olan yaşayış məntəqələri:
• Xəzər rayonu: Zirə, Türkan, Qala, Buzovna, Mərdəkan, Şüvəlan
• Suraxanı rayonu: Hövsan, Əmircan, Qaraçuxur, Zığ, Yeni Suraxanı
• Qaradağ rayonu: Lökbatan, Qobustan (Bakı tərkibindəki qəsəbə), Sahil, Səngəçal
• Binəqədi rayonu: Biləcəri, Xocəsən, Sulutəpə
• Sabunçu rayonu: Zabrat, Maştağa, Nardaran, Kürdəxanı, Balaxanı, Ramana, Pirşağı
Xəritələrdən də göründüyü kimi Abşeron yarımadası demək olar ki, artıq Bakı şəhərinin ərazisidir. Cəmiyyətimizdə rast gəlinən bir çox paradokslar kimi, burada da paradoks var: rayon yarımadanın adı ilə adlanır, amma yarımadanın ərazisindən rayona demək olar ki, heç nə qalmayıb. Yarımadanın əraziləri alınıb, ancaq adı rayon kimi qalıb. Abşeron rayonunu Abşeron yarımadasının əlindən alıblar. Bu lap ev sahibini evindən qovub çıxarmağa oxşadı.
Bu tendensiya davam edərsə, gələcəkdə Abşeron rayonunun tamamilə Bakıya birləşdirilməsi də istisna deyil.
“Bəlkə də yaxın illərdə xəritədə “Abşeron rayonu” anlayışı qalmayacaq. O halda “Sabah”ın həm hüquqi, həm də coğrafi baxımdan Bakı təmsilçisi olacaq.