İngiltərə millisinin sabiq futbolçusu Eşli Yanq karyerasını başa vurmağa qərar verib.
Sportnet.az xəbər verir ki, 40 yaşlı müdafiəçi mövsümün sonunda peşəkar futbolla vidalaşacağını açıqlayıb. Hazırda Çempionşip təmsilçisi “İpsviç Taun”da çıxış edən oyunçu bu qərarını sosial şəbəkə vasitəsilə elan edib.
İngiltərəli futbolçunun peşəkar karyerası 20 ildən çox davam edib. O, bu müddət ərzində 750-dən çox oyunda iştirak edib, “Uotford”, “Aston Villa”, “Mançester Yunayted”, “İnter”, “Everton” və son olaraq “İpsviç Taun” kimi klublarda çıxış edib.
Həmçinin o, “Mançester Yunayted”lə Premyer Liqa, FA Kuboku və Avropa Liqasını qazanıb, “İnter”lə isə A Seriyasının qalibi olub.
Qeyd edək ki, Eşli Yanq İngiltərə millisində 39 oyun keçirib və Avro-2012 ilə DÇ-2018 turnirlərində iştirak edib.













































































