"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış oyundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 54 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırmamışdan öncə oyunla bağlı fikirlərini bölüşüb:
- İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Bu gün qarşımızda çox istəkli, meydançanın hər qarışı uğrunda vuruşan və yaxşı müdafiə olunan kollektiv var idi. Öz kollektivimizdən razı qaldım. Bu qədər sıx qrafikdə oynamağımıza baxmayaraq, yaxşı xarakter göstərdilər. 0:1 hesabı ilə geridə olduğumuz vaxt rəqibin üzərinə getdilər, meydançanın onlara aid hissəsində olmağa çalışdılar. Belə də olur. Qalib gəlmək rəqibin də haqqıdır. İlk oyundan sonra da bildirmişdim ki, onlar daha aktiv və hazırlıqlı olacaqlar. Çünki 8 günədək yaxşı hazırlıq dövrləri olmuşdu. Əvvəlki matçda, ola bilsin, futbolçular öz oyun ritmlərindən düşmüşdülər. Amma bugünkü oyunda daha yaxşı formada olacaqlarını gözləyirdik. Belə də oldu. Deyəcək söz yoxdur. Yaxşı futbol ab-havası var idi. Stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm. Bizə xeyli gün ərzində istirahət lazım olmasına baxmayaraq, təəssüf ki, yenə 4-5 gündən sonra oyunumuz olacaq. Çempionlar Liqasından uzaqlaşsaq da, yenə o sıx qrafikin içərisində gedirik. Düşünürəm ki, bu mövsüm futbolçularımız çox yaxşı təcrübə keçdilər. Məşqlərdə və oyunlarda futbolçuların ümumi fiziki durumlarını daha yaxından tanıdıq. Amma bir şeyi qeyd edim ki, həqiqətən də futbolçularımız çox yorulublar və çox ağır mövsüm keçirdilər. İstənilən məğlubiyyətə baxmayaraq, futbolçularıma bir daha təşəkkür edirəm.
- Düşünmürsüz ki, 1:5 hesabı rəqibə əlavə motivasiya verdi?
- 100 faiz. Onların yaxşı hazırlıq proqramları olmuşdu. Gözləyirdim ki, bu gün "Neftçi"nin futbolçuları daha hazırlıqlı olacaqlar. Ola bilər ki, rəqibə ciddiyət də vermişdi. Haqları idi.
- İlk oyundakı böyükhesablı qələbə sizin futbolçularda rahatlıq yaratmamışdıkı?
- Rahatlıq istər-istəməz olur. Maksimum çalışdıq ki, futbolçular bu haqda düşünməsinlər. Futbolçular da təcrübəlidirlər, "Neftçi"nin gücünü bilirlər, fərdi yaxşı oyunçuları var idi. Nə qədər özlərini konsentrasiya etsələr də, rahatçılıq var idi. İnsandırlar.
- Montielin zədələnməsinin oyuna təsiri oldu?
- Düzdür, gözlənilməz dəyişiklik oldu. Oyundan öncə fərqli planlarımız var idi dəyişikliklərlə bağlı. Pedro Bikalyo 9 oyun dayanmadan oynamışdı .Onu meydana buraxmağa ehtiyatlanmışdıq. Montiel əvvəlki oyunda oynamamışdı. Dəyişikliklərdə düşünəlməmiş addımlar oldu.
- "Sabah" ilk dəfə çempion oldu. Bu haqda nə deyə bilərsiz?
- Təbrik edirəm. İstənilən komandamızın uğurunu bildirməliyik. Onları təbrik etməliyik. Bu, futbolun aksiomasıdır. Son bir ay, ayyarımda çempionatın bütün oyunları..."Sabah"la üç, "Neftçi" ilə 2 dəfə oynadıq az müddətdə. Sanki fərqli Azərbaycan çempionatı oldu. Azarkeş və oyun tempi baxımından. Futbolçularımız xarakter göstərdilər. İlboyu həm psixoloji, həm fiziki yorğunluğa baxmayaraq...Ümumi nəticələr ürəkaçan olmaya bilər. Amma oyunlarda dözümlü xarakter göstərdilər. Nəticələrin bəzən belə dəyişməsi futbola olan azarkeşləri çoxaldır. Kütlə çoxalsa, intriqa böyüyür, məsuliyyət daha da artır.
- İkincilik də təhlükə altına düşüb. Bu sizi narahat edir?
- Əlbəttə ki, narahat edəcək. Yaxşı, hazırlıqlı "Turan Tovuz"a qarşı oynayacağıq. Özünəməxsus oyun üslubu var. Rəqibə çətinliklər yaradır. Buna hazır olmalıyıq. Son oyunlara mübarizə aparacağıq. Futbolçularım bu il əlavə xarakter göstərdilər. Sıx qrafikə baxmayaraq, çalışacağıq ki, bunu bacaraq. Öz futbolçularıma arxayınam ki, maksimum güclərini qoyacaqlar.
- "Qarabağ"ın çempion olmamasında əsas məsələ, Çempionlar Liqasında daha uzun yol qət etməsi, legioner limitinin ləğvi, yoxsa "Sabah"ın gücüdür?
- Bir neçə səbəb var. baxsaq ola bilər ki, bu çempionata tam hazırlaşmadıq. Əvvəlcədən ümumi çempionatın gedişatına, çempionatın gücünü bilmədik. Çempionlar Liqası bizi çox yordu. Digər detallar var, oyunçulara təkliflər filan oldu. Bu da hardasa ölkə çempionatına olan motivasiyaya təsir etdi. Bizim qarşımızda yaxşı "Sabah" var idi. Hansı ki, çox formalaşmış komanda idi. Bütün fikrini çempionata yönəltmişdi. Heç bir oyunda boşluq vermədilər. Bəlkə də tam bu çempionata sırf hazır deyildik. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik ki. İstənilən ölkədə bu halları görmüşük. Güclü olduğun halda belə, bəzən çempion olmursan. Bəzi nüanslar var. Bunu biz normal analiz edib, düzgün qəbul etməliyik. Hansı çatışmazlığın olduğunu da bilirəm. Çox komanda çox istəkli idilər, o cümlədən "Sabah", "Neftçi", "Zirə". Onlar titul üçün böyük işlər görürlər. Sonda da belə nəticələr oldu. Bundan düzgün nəticə çıxararaq, qarşıdakı illərə hazırlaşacağıq. Ümumi gedişatdan, futbolçularımın performansından razıyam.
- Yayda "Qarabağ"da dəyişikliklər olacaq. Yeni transferlərlə bağlı danışıqlar aparırsız? Razılığa gəlmisiz kiminləsə?
- Danışıqlar var, gedir, çoxdur. Bəlkə də işimizin 60-70 faizini transfer tərəfə yönəltmişik. Ona görə yox ki, futbolçulardan razı deyiləm, kimlərisə göndərəcəyik. Sadəcə daha da çox geniş heyətə ehtiyac var. Transferlər etməyə çalışacağıq. Bəlkə də 5-6 , bilmirəm nə qədər alınacaq. İstədiyimiz kimi olsa, işləmək asan olardı. Son anda da hansısa transfer alınmayıb. Dəyişikliklər olacaq. Amma bu, heyəti genişləndirmək və bu cür gərgin qrafikə hazır olmaq üçündür.
- Göndərməyi istədiyiniz, amma son 2-3 oyuna görə fikrinizi dəyişdiyiniz oyunçular var? Marko Yankoviç son oyunlarda daha yaxşı performans göstərir...
- Xeyr, heç bir futbolçunu göndərmək haqda düşünməmişəm. Çünki gətirilən oyunçu yoxdur hazırda. Sonda olacaq. Yankoviç çox yorulmuşdu. Hətta millidə oynayanlar çox yorulurlar. Milliyə getməyənlər heç olmasa dincəlir. Yankoviçə istirahət verdik, formasını bərpa etsin. Ola bilər ki, bir neçə futbolçu haqda təxmini göndərmək istədiyimi bildirə bilərəm. Amma o da transferlərdən asılıdır. Futbolçuların müqavilələri var. Qarşılıqlı razılıqla olmalıdır. Yəqin ki, gedənlər də olacaq. Gələnlər də olmalıdır.
- Elvin Cəfərquliyevin geri qaytarılmaq ehtimalı var?
- Hələ necə var elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam. Hələ bir neçə oyun var.
- Sizinlə görüşmək istədiyi deyilir..
- Yox, olmayıb.
- Əvəzedicilər heyətə göndərilsə də, orada oynamırlar. Maksim Medvedevlə danışmısız?
- Yox, belə tapşırıq verməmişəm. İstəsələr, oynaya bilərlər.













































































