AFFA şəffaflıq strategiyasının bir istiqaməti olaraq, 2025/2026 mövsümündən VAR yazılarının klublar tərəfindən dinlənilməsini tətbiq edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə CBC Sport-da yayımlanan "Bizim futbol" verilişində aparıcı Gündüz Abbaszadəyə müsahibəsində Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov açıqlama verib.
O bildirib ki, artıq AFFA-ya 2 klub - "Turan Tovuz" və "Neftçi"dən müraciət olunub: "Biz onları qarşıladıq. Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və komitə üzvləri klubların nümayəndələri ilə birlikdə mövcud mübahisəli epizodların VAR yazılarına baxdılar, hakimlərin qərarvermə prosesini izlədilər. Daha sonra çox konstruktiv və pozitiv qaydada müzakirələr apararaq, müəyyən suallara cavab tapdılar. Düşünürəm ki, klublar və AFFA Hakimlər Komitəsi arasında bu dialoq çox vacibdir. Çünki bir çox sualları aradan qaldırır. Bəzən mövcud gərginliyin sovuşdurulması üçün çox vacib prosedurdur və artıq töhfəsini verməkdədir. Fikrimcə, klublar da bunu çox müsbət dəyərləndirirlər".
Teymurovun sözlərinə görə, yaradılmış şəraitdən sui-istifadə hallarının olmaması və hər epizodla bağlı müraciətlərin gəlməməsi üçün istənilən klublara mövsüm ərzində 3 müraciət hüququ verilib: "3-dən artıq müraciətə baxılması isə ödəniş müqabilində həyata keçirilir. Amma burada da AFFA-nın çox müsbət qərarı var: Həmin müraciət əsaslı olarsa və həqiqətən də hakim səhvi üzə çıxarsa, ona görə ödəniş tələb olunmayacaq".











































































