"İlk növbədə, azarkeşləri təbrik edirəm. Çünki bu, çox önəmli qələbə idi. Eyni zamanda, 1:5 hesabı ilə uduzduğumuz oyuna görə onlardan üzr istəyirəm. Elə komandayıq ki, eyni səviyyədə oynamalıyıq. İrəli getməli, pressinq etməliyik. Lakin gördüyünüz kimi, elə oynadıq ki, belə bir məğlubiyyət oldu. Biz də əvvəlki oyundan nəticələr çıxardıq. Həmin nəticəyə görə bugünkü oyuna baxanda pis olmadı. Bir daha hər kəsi qələbə münasibətilə təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış oyundan sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis jurnalistlərdən xahiş edib ki, ona sual verməsinlər: "Sizdən bir xahişim olacaq: Elə fərqli hisslər keçirirəm ki, mümkünsə, bu gün suallar verməyəsiniz. Qarşıda 4 oyunumuz olacaq. Nə qədər sual versəniz, hamısına cavab verəcəyəm. Bu gün isə oyundan uzaqlaşmaq və bir az rahatlaşmaq istəyirəm. Ümidvaram ki, anlayışla qarşılayacaqsınız və sual verməyəcəksiniz. Bu, heç də hörmətsizlik göstəricisi deyil. Hər birinizə hörmətlə yanaşıram. Çox sevinirəm ki, hər zaman gözəl suallar verirsiniz və mən də açıq və səmimiyyətlə cavab verirəm. Bu oyun məni o qədər emosional cəhətdən yordu ki, belə deyək, suyumu çıxardı. Ona görə də bu dəfə sual olmasa, yaxşı olar".











































































