"Qəbələ"nin hücumçusu İsmael Akinadenin "Araz-Naxçıvan"la evdə 1:1 hesablı heç-heçə etdiyi Azərbaycan Premyer Liqasının XXIX tur qarşılaşmasından sonra Sportnet.az saytına müsahibəsi:
Görüşlə bağlı təəssüratlarınızı öyrənmək istərdik...
– Düşünürəm ki, ilk hissədə daha yaxşı oynaya bilərdik. Həmin hissədə öz real gücümüzü tam göstərə bilmədik. İkinci hissə isə xeyli daha yaxşı alındı. Qol vurduq və dərhal sonra hesabı bərabərləşdirdik. Sadəcə, daha diqqətli olmalıyıq. Ümumilikdə yaxşı futbol oynayırıq, amma bunu xallara çevirməyi bacarmalıyıq. Ümid edirəm ki, növbəti oyunlarda matçları qələbə ilə başa vura biləcəyik.
– Son oyunlarda bir problem diqqət çəkir: çoxlu qol vəziyyətləri yaradırsınız, amma onları dəyərləndirə bilmirsiniz. Bunu necə izah edərdiniz? Bu üzərində məşqlər aparılırmı?
– Əlbəttə, biz hər gün məşq edirik və məhz sonluq üzərində də işləyirik. Sadəcə, daha soyuqqanlı olmalı və fürsətlərdən istifadə etməliyik. Məsələn, son oyunda çoxlu qol epizodları yaratdıq, həm qapıya düşən, həm də çərçivədən kənar zərbələr oldu, amma qol vura bilmədik və nəticədə məğlub olduq. Bu gün isə ilk qolu vurduq və hesabı qoruyub saxlamalı idik, hətta daha bir neçə qol da vura bilərdik. Yenə də müsbət məqamları götürüb bu xalla kifayətlənirik və növbəti oyuna fokuslanırıq.
– Komandanın potensialını necə qiymətləndirirsiniz?
– Biz yaxşı komandayıq. Əgər keçən həftənin və bu oyunun ikinci hissəsində oynadığımız kimi 90 dəqiqə çıxış etsək, düşünürəm ki, liqada istənilən rəqibi məğlub edə bilərik. Hər komandaya problem yarada biləcək gücdəyik. Sadəcə, hər oyuna düzgün yanaşma ilə çıxmalı və üç xal qazanmaq üçün maksimumu etməliyik. Mövsümün bu mərhələsində bu, bizim üçün çox vacibdir.
– Mövsümün sonuna yaxınlaşırıq. “Qəbələ”nin Premyer Liqada qalacağına inanırsınız?
– Bəli, tam əminəm. Bizdə keyfiyyətli heyət var və düşünürəm ki, gələn mövsüm də bu liqada çıxış etməməyimiz üçün heç bir səbəb yoxdur. Qarşıda dörd oyunumuz var, vəziyyət gərgindir, amma inanıram ki, Premyer Liqada qala biləcəyik.
Mikayıl HACIYEV















































































