"Qəbələ"nin müdafiəçisi İsaak Amoahın "Araz-Naxçıvan"la evdə 1:1 hesablı heç-heçəsi ilə başa çatan Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra Sportnet.az saytına müsahibəsi:
– İlk olaraq görüşlə bağlı təəssüratlarınızı öyrənmək istərdik...
– Düşünürəm ki, bu oyundan həm müsbət, həm də mənfi məqamlar götürə bilərik. Yaxşı oynadıq, rəqibdən üstün idik, qol şanslarımız oldu. Təəssüf ki, istədiyimiz xalları qazana bilmədik. Amma qarşıdakı oyuna hazırlaşmaq və işləməyə davam etmək hazırda ən vacib məsələdir.
– Bu oyunda qalib gələ bilməməyinizin əsas səbəbi nə oldu?
– Əsas problem qol şanslarımızdan istifadə edə bilməməyimiz idi. Amma bunu yalnız hücumçuların üzərinə atmaq düzgün olmaz. Rəqib – “Araz-Naxçıvan" müdafiədə çox yaxşı oynadı və bizə çətinlik yaratdı. Sadəcə, daha çox işləməli və belə hallarda daha dəqiq olmalıyıq.
– Bu oyunda qalib gəlsəydiniz, turnir cədvəlində “Şamaxı” ilə oynayacaq “Kəpəz”i qabaqlamaq şansınız olacaqdı. Bu, sizin üçün məyusedicidirmi?
– Xeyr, bunu məyusedici nəticə kimi qəbul etmirəm. Əlbəttə, qalib gəlib onları keçmək istəyirdik. Amma bu futboldur. Məğlub olsaydıq, daha çox üzülərdik. Hələ qarşıda çox oyun var və şanslarımız qalır. Sadəcə, bu gün ehtiyac duyduğumuz üç xalı qazana bilmədik. Komanda olaraq yaxşı oynadıq, birlikdə mübarizə apardıq və bu, növbəti oyunlar üçün bizə motivasiya verməlidir.
– Növbəti oyunda səfərdə “Zirə” ilə qarşılaşacaqsınız. Rəqib Avrokuboklar uğrunda mübarizə aparır və bu, çətin oyun olacaq. Gözləntiləriniz nədir?
– Bəli, çətin oyun olacaq “Zirə” bu mövsüm çox yaxşı çıxış edir və keyfiyyətli heyətə malikdir. Amma biz də ora maksimum nəticə qazanmaq üçün gedəcəyik. Heç bir rəqibə hörmətsizlik etmirik, amma özümüzə də inanırıq. Bu, futbol oyunudur və hər iki komanda ən yaxşısını ortaya qoyacaq. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik.
– Ötən mövsümlə bağlı bir sual vermək istərdik. “Qəbələ” keçən il Birinci Liqada çox məhsuldar idi və demək olar ki, hər oyunda qol vururdu. Bu mövsüm isə Premyer Liqada qol vurmaqda çətinlik çəkir. Liqalar arasındakı fərqdən başqa bunu necə izah edərdiniz?
– Liqanın səviyyəsi çox şeyi müəyyən edir. Aşağı liqada daha çox qol vura bilərsiniz, amma Premyer Liqada daha təcrübəli və keyfiyyətli oyunçularla qarşılaşırsınız. Onlar oyunu daha yaxşı oxuyurlar. Bundan əlavə, komanda heyəti də dəyişib. Mövsümün əvvəlində fərqli liqalardan gələn oyunçuların uyğunlaşması çətin oldu. Qış fasiləsində heyət gücləndirildi, amma hələ də adaptasiya prosesi davam edir. Üstəlik, komandada çoxlu zədələr var və bu da mövsümümüzə ciddi təsir edir. Qarşıda təxminən dörd oyunumuz qalıb və Premyer Liqada qalmaq üçün maksimum nəticə qazanmağa çalışacağıq.
Mikayıl HACIYEV













































































