"Turan Tovuz"un əfsanəvi qapıçısı Nizami Sadıqov komandanın cari performansı, Avropa kubokları hədəfi və ölkədəki qapıçı problemi barədə fikirlərini Sportnet.az-a müsahibəsində bölüşüb:
- "Turan Tovuz" 33 ildir Avropa kuboklarına həsrətdir. Bu mövsüm isə şanslar çox yaxın görünür. Fikirləriniz necədir?
- Əlbəttə, təəssüratlarım çox müsbətdir. Komandamızın builki çempionatdakı çıxışı, nümayiş etdirdiyi futbol göstərir ki, biz Avropa kuboklarına həqiqətən çox yaxınıq. Demək olar ki, işimizin 90%-ni həll etmişik. 33 il əvvəl biz Avropada çıxış edəndə hisslərimiz fərqli idi, indi yenidən o günlərin qayıtması çox qürurvericidir. Tovuz üçün böyük Avropa futbolu yenidən doğulur.
- Hazırda "Turan Tovuz" akademiyasında qapıçı hazırlığı üzərində çalışırsınız. Yeni "nizami sadıqovlar yetişirmi?
- Gələcəkdə akademiyamızdan çox yaxşı qapıçıların çıxacağına inanıram. Məsələn, hazırda qapıçımız var: Ayxan Abbaszadə, U-19 milli komandasına dəvət alır. Aşağı yaş qruplarında da perspektivli uşaqlarımız çoxdur. Gələcəkdə həmin gəncləri əsas komandamızın heyətində görəcəyik.
- Vaxtilə "Turan"ın heyətində sizin kimi yerli əfsanələr var idi. İndi isə hətta qapını da legionerlər qoruyur. Niyə yerli qapıçı yetişmir, legionerlərə üstünlük verilir?
- Bu gün bütün respublikada qapıçı qıtlığı var. Milli komandada bəzi gənc qapıçılarımız görünsə də, ümumilikdə bu mövqedə azlıq hiss olunur. Lakin inanıram ki, məşqlərin və yanaşmanın düzgün olması gələcəkdə Azərbaycanda yenidən güclü qapıçıların yetişməsinə gətirib çıxaracaq. Çalışmaq lazımdır.
- "Turan Tovuz"dakı inkişafın davamlı olacağına inanırsınızmı?
- Bəli, hər şey hazırda yüksək səviyyədədir. Biz də istəyirik ki, Azərbaycan futboluna öz töhfəmizi verək. "Turan Tovuz" rəhbərliyinə də təşəkkür edirəm: həm infrastruktura, həm də komandanın gələcəyinə planlı şəkildə investisiya qoyurlar. Hər şeyin daha yaxşı olacağını düşünürəm.
- Sizin dövrün "Turan"ı ilə indiki "Turan Tovuz" arasında oyun baxımından nə kimi fərqlər var?
- Bu fərqi tam izah etmək üçün saatlarla danışmaq lazımdır. O dövrlə bu dövrün futbolu tamamilə fərqlidir. Bizim vaxtımızda legioner, demək olar ki, yox idi. İndi isə limitlər fərqlidir, istənilən legioneri komandaya cəlb etmək olur. Amma bir reallıq var: yerli futbolçu legionerdən daha güclüdürsə, o mütləq oynayacaq. Əsas fərq futbolun daha çox legionerlər üzərində qurulmasıdır.
Haşım MƏMMƏDOV










































































