Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib. Ardınca çıxış edən AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov festivalda rekord sayda - 980 iştirakçının mübarizə apardığını bildirib.
O, Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını qeyd edib.
Mahir Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şahmata yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb.
Sonra 2023,2024 və 2025-ci illərdə keçirilən “Baku Open” turnirlərinin ən maraqlı anlarını əks etdirən video nümayiş etdirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycanda şahmat ənənələrinin olduğunu bildirib. Nazir şahmatçıların son illər beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini söyləyib.
Fərid Qayıbov qeyd edib ki, Prezident İlham Əliyev bütün idman növlərinə yüksək səviyyədə qayğı göstərir.
Sonda Azərbaycan Şahmat Turunun yeni tanıtım videosu təqdim olunub.
Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirdə 3-cü turun rəmzi ilk gedişini edib.
Qeyd edək ki, “Baku Open” Azərbaycan Şahmat Turunun 2026-cı ildə ilk yarışıdır.
Bakıdan sonra Şəkidə beynəlxalq şahmat yarışı keçiriləcək.
Xatırladaq ki, “Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir. Yarışa mayın 6-da yekun vurulacaq.






















































































