İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Saraqosa”nın qapıçısı Esteban Andrada ilə bağlı sərt qərar qəbul edib.
Sportnet.az xəbər verir ki, XXXVII turun “Ueska” ilə matçında baş verən insidentə görə qapıçı 13 oyunluq diskvalifikasiya olunub.
Hadisə oyunun əlavə olunmuş dəqiqələrində baş verib. Andrada rəqib müdafiəçi Xorxe Pulidonu itələdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. Lakin o, qırmızı vərəqədən sonra özünü itirərək Pulidoya yaxınlaşıb və onun üzünə yumruq zərbəsi endirib. Bu, meydanda kütləvi qarşıdurmaya səbəb olub.
Qərara əsasən, qapıçı 12 oyun kobud hərəkətinə, 1 oyun isə qırmızı vərəqəyə görə cəza alıb və mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Futbolçu matçdan sonra davranışına görə üzr istəyib.
Eyni insidentdə “Ueska”nın qapıçısı Dani Ximenes 4 oyunluq, “Saraqosa”nın müdafiəçisi Dani Tasende isə 2 oyunluq diskvalifikasiya edilib.
Qeyd edək ki, oyun "Ueska"nın qələbəsi ilə yekunlaşıb - 1:0.















































































