İngiltərənin "Çelsi" klubunun futbolçusu Pedro Netu Bakıda "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçını buraxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Entso Mareska onlayn mətbuat konfransında açıqlama verib.
Netu noyabrın 1-də səfərdə "Tottenhem"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqa qarşılaşmasının 85-ci dəqiqəsində əzələlərindəki problem üzündən Estevao ilə əvəzlənib.
Mareska bildirib ki, bugünkü məşqi buraxmasına baxmayaraq, 26 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil: "Biz onu qorumağa çalışırıq. Kiçik problemi var".
Əvəzində zədədən sonra Entso Fernandes, Moyzes Kaysedo və Joao Pedro məşqlərə başlayıb. Onların "Qarabağ"la qarşılaşmada iştirakları gözlənilir.
Zədəli Koul Palmer, Benua Badyaşil və Dario Essuqo, eləcə də bərpa dövrü keçən Levi Kolvill "Qarabağ"la matçı buraxacaqlar. Palmer və Badyaşilin noyabrın 25-də İspaniya "Barselona"sına qarşı oyunda iştirakları gözlənilir.







































































