
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fernandu Santuş vətəni Portuqaliyada təhsil və elmi yönümlü oyuncaq istehsalı üzrə şirkətə sərmayə qoymağı qərara alıb.
Sportnet.az "Negocio" nəşrinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssisə və onun həyat yoldaşı Gilyermina Santuşa məxsus "Femacosa" şirkəti artıq "Science4You"nun ana şirkəti olan "Didáctialegria"nın səhm paketinə yiyələnib.
"Science4You" Lisabon Regional Təchizat Bazarında (MARL) yerləşən fabrikdə təhsil və elmi yönümlü oyuncaqlar hazırlayır, istehsal edir və satır.
Artıq "Science4You"nun idarə heyətinə Fernandu Santuşun oğlu Luiş Santuş və kürəkəni Tyaqu de Jezuş daxildir.
"Femacosa" idman gündəminə 2022-ci ildə gəlib. Həmin vaxt Portuqaliya Vergi İdarəsi qərar almışdı ki, Portuqaliya Futbol Federasiyası tərəfindən Fernandu Santuşun məvacibi onun şirkəti vasitəsilə deyil, birbaşa özünün əmək fəaliyyətindən gəlir kimi vergiyə cəlb olunmalıdır. Yəni, ödəniş IRC (şirkət vergisi) deyil, İRS (şəxsi gəlir vergisi) vasitəsilə həyata keçirilməli idi.
Qeyd edək ki, Fernandu Santuş Azərbaycan millisində 2024-cü il iyunun 12-dən 2025-ci il sentyabrın 8-dək baş məşqçi kimi çalışıb. Onunla müqaviləyə sentyabrın 5-də 2026-cı il dünya çempionatının seçmə matçında səfərdə İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra xitam verilib. Oktyabrın 11-də AFFA-nın baş katibi Cahangir Fərəcullayev Santuşa təzminatın tam ödənildiyini açıqlayıb. Bu məbləğin 1 milyon 800 min avro (3 milyon 700 min manat) olduğu bildirilir.