
2025-ci il aerobika gimnastikası üzrə Avropa yaş qrupları yarışları və Avropa çempionatı ilk dəfə Gəncə şəhərində keçiriləcək.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu barədə qərarı Avropa Gimnastikasının İcra Komitəsi qəbul edib.
Bu, gimnastika idman növü üzrə bölgədə keçiriləcək ilk Avropa çempionatı olacaq.
Yarışların keçiriləcəyi Gəncə İdman Sarayı bu il istifadəyə verilib. Prezident İlham Əliyev aprelin 9-da sarayın açılışında iştirak edib.
İndiyədək Bakı şəhəri 2019-cu ildə aerobika gimnastikası üzrə Avropa çempionatına, 2021-ci ildə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları və dünya çempionatına ev sahibliyi edib. Bu dəfə isə Gəncəyə yönələn qitənin idman dalğası ilə aerobika gimnastikası üzrə Avropa yaş qrupları yarışları və gənclər arasında Avropa çempionatı 9 - 11 noyabrda, böyüklər arasında Avropa çempionatı isə 14 - 16 noyabrda baş tutacaq.