
III MDB Oyunları ilə əlaqədar Gəncədə olduğum vaxt şəhəri gəzmək, daha yaxından tanımaq imkanım oldu.
Düzdür, bu, Gəncəyə ilk səfərim deyildi, əvvəllər bu şəhərdə çox olmuşdum. Amma həmin səfərlər konkret ünvan, məsələn, oyuna baxıb-qayıtmaqdan ibarət idi. Bu dəfə isə kücələrini gəzib-dolaşmaq, mümkün qədər görməli yerlərində olmaq imkanı əldə etdim.
Şəhərin ilk dəfə olduğum 1998-ci illə müqayisədə xeyli dəyişdiyi sözsüzdür. Geniş küçələri, park və xiyabanları, orta əsr üslubuna malik bina və villaları zövqverici idi.
Gəncə bazarı adlanan ərazidəki məhəllə küçələrinin təmirinə də şahidlik etdik. Təmiz və tıxacslz küçələri ilə maşınla hərəkət edərək, istənilən ünvana vaxtında çatmaq mümkün idi. Bəzi xüsusiyyətləri ilə Gəncə Avropa şəhərlərini xatırladırdı. Sanki özümü Qərbi Avropa ölkələrindən birində hiss edirdim.
Bütün bunlarla yanaşı, insanların gündəlik həyatı, məşğuliyyəti də maraqlı idi. Bu məqsədlə şəhər sakinlərinin üz tutduqları məkanlara baş çəkməyə də macal tapdıq. Sözsüz ki, ilk belə məkanlar idman obyektləri, ticarət mərkəzləri oldu.
***
Yenicə istifadəyə verilmiş Gəncə İdman Sarayında dörd idman növü - voleybol, üzgüçülük, stend atıcılığı və qılıncoynatma üzrə yarışları izləməyə kifayət qədər tamaşaçı gəlirdi.
Onların özləri üçün də belə bir zövqlü və müasir məkanda olmaq sevindirici idi. Üstəlik, idman qurğusu əlverişli ünvanda - Avropada ən geniş, dünyada isə ilk "beşlik"də olan Heydər Əliyev Parkının qarşısında yerləşir.
Gəncənin başqa bir məkanında yenidən qurulmuş stadion qərarlaşıb. Orada açılış və bağlanış mərasimləri dolu tribunalar önündə təşkil olundu. "Kəpəz" yenidən burada oynamağa başladıqda bütün qarşılaşımalarda anşlaq olacağını indidən təsəvvür etmək belə, çətin deyil.
Gəncə Olimpiya İdman Kompleksindəki güləş yarışlarını da kifayət qədər tamaşaçı izlədi.
Şəhərdə futbol, voleybol və basketbol üzrə üç peşəkar klub fəaliyyət göstərir.
Yəni, idman yarışları Gəncə sakinlərinin maraq dairəsindədir və onlar asudə vaxtlarını burada keçirməyə məmnuniyyətlə razıdırlar.
***
Bəs digər məşğuliyyətlər?
Oktyabrın 8-də bağlanış mərasiminədək bir neçə saat vaxtımız var idi. Gəncə Stadionunun yaxınlığında vaxtımızı keçirmək üçün "Qalaktika" adlı çayxanaya daxil olduq.
Çöldən yaxşı görünməsinə baxmayaraq, içərisi - stol-stulları, inşası-təmiri xeyli köhnədənqalma idi. Elə qonaqları da "köhnə kişilər" idilər. Nərd səsi dominoya, şaqqanaq gülüşlər bağırtılara qarışmışdı.
Biz də çay içə-içə nərdlə başımızı qatmaq üçün orada oturmağı qərara aldıq. Elə təzəcə çay içməyə hazırlaşırdıq ki, bir də gördük iki kişi az qala bir-biriləri ilə əlbəyaxa döyüş həddinə çatıb. Söyüşün biri də bir qəpik...
Puldan söz düşmüşkən, çayları əla olsa da, cəmi 1 manat 50 qəpiyə idi. Nərd və ya domino da üstündə "bedava", yəni, havayı. Belə yerdə oturmaq da olar, hətta dava salmaq da...
Bakı ilə Azərbaycanın ikinci ən böyük şəhəri arasındakı qiymət fərqinə özünüz baxın.
Qiymətlər təkcə çayxanalarda bu dərəcədə ucuz deyil, taksi ilə də 2-3 manata istənilən nöqtəyə gedib çıxa bilərsən.
***
Bu, həm də insanların asudə vaxtlarında məşğuliyyətinin nədən ibarət olmasının göstəricisidir. Yaşlıları çay, nisbətən cavanları pivə içir, imkanlıları isə hər axşam yeyib-içir. Digər bölgələrimizdəki kimi, Gəncədə də həyat bundan ibarətdir.
Daha ailəvi getməyə konsertlər, teatrlar, əyləncə mərkəzləri, şou-proqramlar yox dərəcəsindədir. Yalnız ayda-ildə bir dəfə toya gedə bilərlər. Amma deyəsən, şadlıq evlərinin heç də hamısı özünü saxlaya bilmir. Heydər Əliyev Parkında təsadüfən tanış olduğum bir kişi deyirdi ki, bir şadlıq evi var, satmaq istəyir, çünki icarəyə götürmək istəyən yoxdur. Səbəb isə istifadəçi qıtlığıdır.
Lakin necə olur ki, idman tədbirlərini Gəncədə keçirmək olur, konsertləri yox. Bakıda Heydər Əliyev adına Respublika Sarayı, Nizami Kinoteatrı, Bakı Musiqi Akademiyasının Opera Studiyası kimi məkanların daim zəngin repertuarı var.
***
Bugünlərdə eşitdiyim xəbərdən xeyli təəccübləndim. Nuri Sərinləndirici adlı müğənni Respublika Sarayında 2 günlük konsert vermək istəyib. Lakin tələbat o qədər böyük olub ki, konsertlərinin sayını daha iki gün uzadıb. Ən ucuz qiymət isə 60 manat olub.
Amma özlərini populyar adlandıran bu cür müğənnilərə bölgələrdə konsert vermək sərf etmir. Çünki oralarda o məbləği verib konsertə gələn olmayacaq. Ən yaxşı halda belə müğənnilər icra hakimiyyətlərinin tədbirlərinə və ya hansısa imkanlı şəxsin toy məclisinə gedə bilərlər.
Halbuki bu cür tanınmış şəxslər hər yerdə sevilmələrini istəyirlərsə, insanların maddi vəziyyətlərini də nəzərə almalıdırlar. Onlara daha ucuz məbləğə lap elə Gəncə kimi şəhərdə ildə bir dəfə konsert vermək problem olmamalıdır. Yerli mədəniyyət idarələri və digər əlaqədar qurumlar bu istiqamətdə daha çox fəallıq göstərməlidirlər.
Elşən MƏMMƏDOV