“Futbolçuları qələbə münasibəti ilə təbrik edirəm. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti yox idi. Amma azarkeşləri sevindirmək istəyirdik. Sona qədər dəstək olduqları üçün onlara təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze evdə "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis gözəl qollar vurduqlarını bildirib: "Özünəinam baxımından son oyunlar bizə kömək olmalıdır. Amma pley-off matçından qabaq heç bir halda arxayınlaşmaq olmaz. "Şamaxı"nın bir neçə aparıcı oyunçusu bu gün meydanda yox idi. Buna baxmayaraq, bizim futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu, bizi sevindirir. Qarşıdakı pley-off matçına ciddi hazırlaşmalıyıq. Rəqibimiz sabah məlum olacaq. Bir həftə ərzində həmin görüşə hazırlaşacağıq.
Tsxadadze jurnalistlərin suallarını da cavablandırıb:
- Bu matçda pley-offu düşünüb hansısa taktiki gedişlər və ya rotasiyalar etdinizmi?
- Xeyr. Rəqibin kim olduğunu bilmədiyimiz üçün hansısa taktiki dəyişiklik etməmişdik. Sabah rəqibi biləcəyik. Oyuna hazırlaşmaq üçün vaxtımız olacaq. Əlbəttə, potensial rəqiblərin hamısının oyunlarını izləyirik.
- Rəqibin hansı komanda olmasını istəyirsiniz?
- "Səbail" üç mərkəz müdafiəçisi ilə oynayır. "Mingəçevir"in taktiki sxemi bəzi matçlarda dəyişir. Oyuna hazırlaşacağıq.
- Sabah Mingəçevirdəki oyunda olacaqsınız?
- Yəqin ki, olacağam.
- "Qəbələ" ötən mövsüm I Liqada rahat çempion oldu. Bu, Premyer Liqa ilə I Liqa arasında səviyyə fərqini göstərir. Bu baxımdan, pley-off oyununda futbolçularda arxayınlıq ola bilərmi?
- Heç bir halda ola bilməz. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Futbolçularıma bunu demişəm. Onlar da çox yaxşı başa düşürlər. Bizim öz məqsədimiz var. Arxayınlaşa bilmərik. Tam fərqli matç olacaq. Final oyunudur. Belə qarşılaşmada hər addım çox vacibdir. Bunu başa düşürük. Maksimum konsentrasiya olmalıyıq. Son oyunlar turnir cədvəli baxımından bizə heç nə vermirdi. Amma biz bu görüşlərə pley-offa hazırlıq kimi baxırdıq. Futbolçuların gözünə baxanda görürəm ki, onlar qarşıdakı oyuna nə dərəcədə ciddi yanaşırlar.
- Pley-off matçının hansı stadionda keçirilməsini istəyərdiniz?
- Bu, çox vacib oyundur. Ümid edirəm ki, qarşılaşma Premyer Liqa səviyyəsində stadionda, ən əsası, təbii ot örtüklü meydançada olacaq. Bakıda, Sumqayıtda, Tovuzda yaxşı stadionlar var. Bildiyim qədərilə Tovuz şəhər stadionu təmirə bağlanıb. İnanıram ki, finala bərabər olduğu üçün oyun yaxşı stadionda keçiriləcək.











































































