UEFA İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında milli komandalar üzrə turnirlərin formatında mühüm dəyişikliklər təsdiqlənib.
Sportnet.az xəbər verir ki, qərara əsasən, 2028-ci ildən etibarən UEFA Millətlər Liqası yeni sistemlə təşkil olunacaq.
Yeni formata görə, hazırkı dörd liqalı sistem üç liqa ilə əvəzlənəcək. Hər liqada 18 komanda yer alacaq və onlar 6 komandadan ibarət 3 qrupa bölünəcəklər. Komandalar fərqli səbətlərdən rəqiblərlə ev və səfər prinsipi üzrə ümumilikdə 6 oyun keçirəcəklər. UEFA Millətlər Liqasının pley-off, Final Four və yüksəlmə-enmə mərhələlərində isə dəyişiklik olmayacaq.
UEFA Avropa çempionatının seçmə mərhələsində də yeni sistem tətbiq ediləcək. Seçmə mərhələ iki liqaya bölünəcək. Birinci liqada Millətlər Liqasının A və B liqalarında çıxış edən 36 komanda, ikinci liqada isə qalan 18 və ya 19 komanda yer alacaq.
Birinci liqada komandalar 12 iştirakçıdan ibarət üç səbətə bölünəcək və hər yığma altı fərqli rəqibə qarşı 6 oyun keçirəcək. Bu sistem UEFA klub turnirlərində istifadə olunan format əsasında qurulacaq. İkinci liqanın formatı isə Millətlər Liqasının C Liqasına uyğun olacaq.
UEFA prezidenti Aleksander Çeferin yeni sistemin rəqabət balansını artıracağını, maraqsız oyunların sayını azaldacağını və bütün komandalar üçün daha ədalətli seçmə şansı yaradacağını bildirib.
İcraiyyə Komitəsinin iclasında daha bir mühüm qərar da ayaqüstü tribunalarla bağlı olub. UEFA 2026/27 mövsümündə ayaqüstü sektorlarla bağlı müşahidə proqramının genişləndirilməsini təsdiqləyib. Artıq bu sistem yalnız kişilər arasında klub yarışlarında deyil, UEFA-nın bütün turnirlərində tətbiq oluna biləcək.
Bundan başqa, UEFA bir sıra yeni normativ sənədləri də təsdiqləyib. Bunlar arasında AVRO-2028-in əsasnaməsi, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlılığı Qaydaları, İntizam Məcəlləsi, Təşkilati və Avadanlıq qaydalarının yeni redaksiyaları yer alıb.
Qadın futbolu ilə bağlı qaydalarda da dəyişiklik edilib. 2028-ci ildən etibarən qadın komandalarının baş məşqçiləri üçün minimum UEFA Pro, köməkçi məşqçilər üçün isə UEFA A kateqoriyası məcburi olacaq.
UEFA İcraiyyə Komitəsinin növbəti iclası 2026-cı il sentyabrın 15-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək.






































































