
İtaliyanın "Roma" komandası "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II tur matçında iki aparıcı futbolçusunun xidmətindən yararlanmaya bilər. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar "Udineze" ilə A Seriyasının VI tur qarşılaşmasında xəsarət alan Edin Ceko ilə Dieqo Perottidir.
Bosniya və herseqovinalı hücumçu komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüşdə 71 dəqiqə meydanda olub. 12-ci dəqiqədə hesabı açan Ceko dizindən zədə alıb. Dizindəki şişin qarşısını almaq üçün həmin hissəyə buzla sarğı qoyulub. Perotti isə 89-cu dəqiqədə penaltidən yararlana bilməyib. Argentinalı hücumameylli yarımmüdafiəçinin sağ ayağında dərin kəsik yaranıb. Hər iki oyunçunun Bakıya gətirilib-gətirilməyəcəyi hələ məlum deyil.
Qeyd edək ki, "Roma" Azərbaycan paytaxtına doğru sentyabrın 26-da yerli vaxtla saat 11:15-də çarter reysli təyyarə ilə hərəkət edəcək. Həmin axşam açıq məşq və mətbuat konfransı, ertəsi gün saat 20:00-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la oyun olacaq. Görüşdən dərhal sonra "Roma" Bakını tərk edəcək.