2013-2014-cü il mövsümünün ikinci yarısını "Qəbələ”də keçirmiş rusiyalı futbolçu Marat İzmaylov Azərbaycan Kubokunun finalı öncəsi "Sport-Ekspress”ə müsahibə verib. Sportnet.az azərbaycanlı oxucular üçün maraqlı olan hissəni təqdim edir...
- 7 illik legioner həyatı Sizi çoxmu dəyişib?
- Bütün hallarda 7 il uzun zaman kəsiyidir. Əminəm ki, bu illər hədər getməyib. Bu dövr məni həm futbol, həm həyat baxımından möhkəmlədib. Ən azı daha məsuliyyətli, intizamlı olmuşam.
- "Qəbələ”də agentiniz Paulu Barbozanın sayəsində peyda oldunuz?
- İlk növbədə Yuri Syominə görə. Nə gizlədim, "Qəbələ”yə yalnız ona görə gəlmişəm.
- Sizi böyük futbolda da Syomin kəşf edib...
- Belə də demək olar.
- "Qəbələ”yə keçidlə bağlı danışıqlar necə gedirdi: Portuqaliyada əyləşib qəhvənizi içirdiniz və birdən zəng gəldi...
- Gəlin unutmayaq ki, həmin vaxt mən bir neçə ay idi nəinki oynamırdım, heç məşq də etmirdim. Niyə? Açıqlamaq istəmədiyim səbəblər var. Amma Syominin zəngi yerinə düşdü.
- Hələ də "Portu”ya məxsussunuz?
- Hələ bir illik müqaviləm var.
- Axı bu addım riskli idi: Hazırlıqsız tanımadığınız çempionata yollanmaq.
- Bu, mənim üçün özümə gəlməyə cəhd etmək, əvvəlki kondisiyalarımı toplamaq üçün bir şans idi. Ən əsası isə o idi ki, oynamaq imkanı əldə edirdim.
- Qəbul etdiyiniz qərarın peşmançılığını çəkmirsiniz?
- Əksinə, 100 faiz düzgün seçim etdiyimə görə olduqca şadam. Burada məni hər şey qane edir, özümü rahat hiss edirəm.
- Bir çox məşqçilərlə çalışmısınız. Bunlar arasında yerlilər də olub, əcnəbilər də. Syominə necə qiymət verərdiniz?
- Öncüllər sırasında. Onu dünya səviyyəli mütəxəssis hesab edirəm.
- Bəs elə məşqçilər olubmu ki, futbolçu İzmaylovu şəxsi antipatiyalarına görə heyətə salmasınlar?
- Xeyr, bu sarıdan bəxtim gətirib. Rəhbərlikləri altında oynadığım bütün məşqçilər peşəkar keyfiyyətlərimə uyğun qərarlar qəbul ediblər. Tam hazır olanda həmişə oyun praktikası qazanmışam.