
AFFA-nın Azərbaycan çempionatının I Divizionunda danışılmış oyunlarda iştiraklarından şübhələndiyi klublar müəyyənşləşib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, söhbət "Turan Tovuz” və "Ağsu” komandalarında gedir.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev konkret adlar açıqlamasa da, bu iki klubdan şübhələnməyə əsas verən kifayət qədər məqam tapmaq olar.
Tovuz təmsilçisi müəmmalı nəticəyə görə "ilişib”. Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektivi ələ verən konkret oyun da var. Bu, noyabrın 17-də IX tur çərçivəsində keçirilmiş "Zaqatala” ilə səfər matçıdır. "Sabah”ı evdə (4:0), "Binə”ni səfərdə (1:0) üstələyən, ardınca doğma meydanda lider "Qaradağ Lökbatan”la 1:1-lik bərabərə qalan tovuzluların cari mövsümdə qələbə üzü görməyən zaqatalalılara 1:3 hesabı ilə məğlub olması təəccüb doğurub.
Qarşılaşmanın videoicmalından da görünür ki, "Turan Tovuz” ilk dəqiqələrdən topu meydan sahiblərinə verərək, öz cərimə meydançasına "oturur”. Qonaqlar yalnız 5-ci və 15-ci dəqiqələrdə buraxdıqları qollardan sonra irəli atılmağı lazım bilirlər. Lakin hesabı 1:2 etdikdən sonra yenə geri çəkilirlər. Üstəlik, 45+1-ci dəqiqədə süni oyundankənar vəziyyət yaratmaq istəkləri baş tutmur. Cərimə meydançasını tərk edən Mehman Hacıyev isə rəqibi aşkar qoldan məhrum etdiyi üçün "qırmızı” alır.
Özünə bənzəməyən "Zaqatala” fasilədən sonra da hücumlarını davam etdirir. Burada qonaqların azlıqda qalmalarının da payı var. Ancaq tovuzluların buraxdıqları 3-cü qola da diqqət yetirməkdə fayda var. Tagim Novruzov 78-ci dəqiqədə Rəhman Şabanovun qapıya yolladığı topu çıxarmağa cəhd belə göstərmir. Halbuki topun ardınca qaçsa, qola əngəl olar.
"Ağsu”nun "qara siyahı”ya düşməsinin səbəbi isə beş qollu matçlarla bağlıdır. Bu komandanın iştirakı ilə baş tutan 13 matçdan 5-də 5 qol qeydə alınıb. Əsas şübhəli məqam 4 oyunun 3:2 hesabı ilə başa çatmasıdır. Əlbəttə, bir komandanın keçirdiyi 13 görüşdən 4-də anoloji hesabın qeydə alınması normaldır. Lakin onlardan bəzilərinin videoicmalını izləyərkən, şübhəli məqamlar diqqət çəkir.
Məsələn, sözgedən 4 oyundan 2-si məhz "Turan Tovuz”la olub. Hər iki halda meydan sahibi 3:2 hesabı ilə qalib gəlib. Oktyabrın 20-də IV tur çərçivəsində Tovuz şəhər stadionunda baş tutmuş matçda bütün qolları meydan sahibləri vurublar. Eltay Tağıyevlə Ayxan Əsədov öz qapılarını, Tuqay Alhüseynli, Elnur Səmədov (2 qol) rəqib qapısını nişan alıb. Xüsusən də Əsədov 56-cı dəqiqədə topu öz qapısına yollamaqla, "baxımlı qol"a imza atıb.
Dekabrın 8-də XIII tur çərçivəsində Ağsu şəhər stadionunda oynanılmış qarşılaşma da maraqlı keçib. Artıq 1-ci dəqiqədə məğlub duruma düşən meydan sahibləri 14-cü dəqiqədə tarazılığı bərpa etsələr də, fasiləyə məğlub yollanıblar – 1:2.
"Ağsu” 72-ci dəqiqədə hesabı bərabərləşdirsə də, 3 dəqiqə sonra Əlimərdan Əlimərdanlının "qırmızı” almasından sonra azlıqda qalıb. Buna rəğmən, Rüfət Quliyevin baş məşqçisi olduğu komanda 81-ci dəqiqədə qələbə topunu vurub.
"Ağsu”nun oktyabrın 26-da V tur çərçivəsində "Mil-Muğan”a qarşı keçirdiyi oyunda da "qəribə” məqamlar var. Meydan sahiblərinin ilk dəqiqələrdən üstünlüyü qonaqlara verməsi, bunun müqabilində 18-ci dəqiqədə Bayram Əliyevin "Mil Muğan”ı önə keçirməsi diqqət çəkir.
Artıq 55-ci dəqiqədə meydan sahibləri penalti qolu ilə önə çıxsalar da, "5 qol planı”nı son dəqiqələrdə doldurmaq mümkün olur. Qarşılaşmanın 84-cü dəqiqəsində meydan sahiblərinin qapıçısı Şamo Həsənov oyun epizodunda nəinki qapını, hətta 4 komanda yoldaşını geridə qoyaraq cərimə meydançasından kənara çıxır. Bu çıxış isə "Ağsu”nun qapısına penalti təyin edilməsi ilə nəticələnir. "Mil-Muğan”ın futbolçusu Samir Babayev penaltinin yerinə yetirdiyi məqamda Həsənovun davranışı da maraq doğurur. Qonaqların futbolçusu topa çatmadan qapıçının sağa "uzanacağını” rahat görür. Matçda son nöqtəni isə 90+1-ci dəqiqədə Ramil Əliyev qoyur – 3:2.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişində I Divizionda çıxış edən 2 klubun danışılmış oyunlarda iştirakından şübhələndiklərini açıqlayıb. O, şübhələrin təsdiqlənəcəyi halda, həmin komandaların dərhal çempionatdan xaric olunacaqlarını vurğulayıb.