Topaz Premyer Liqasının VII turunda "Qəbələ” "Xəzər Lənkəran”la qarşılaşacaq. Spornet.az-ın məlumatına görə, "Qırmızı-qaralar”ın təcrübəli futbolçusu Cavid Hüseynov cənublularla Qəbələdə keçiriləcək görüş haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb.
Millimizin üzvü cənub təmsilçisi ilə oyuna qələbə üçün çıxacaqlarını bildirib: "Həmişə olduğu kimi "Xəzər Lənkəran”la oyunda da meydana qalib gəlmək üçün çıxacağıq. Qalib gəlməklə turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirə, daha da yaxşılaşdıra bilərik. Bütün matçlar kimi bu qarşılaşmaya da hazırlıq öz qaydasında gedir. Verilən tapşırıqlar üzərində çalışırıq. Bütün matçlardakı kimi yenə 3 xal çox vacibdir. Qarşıda fasilənin yaranıb-yaranmamasından asılı olmayaraq bizim üçün ən əsası, ən vacib olanı qələbədir. Hər oyuna da qələbə üçün çıxırıq. "Xəzər Lənkəran” ın bu mövsüm keçirdiyi oyunları izləmişəm. Futbolda bəzən elə olur ki, yaxşı oynayırsan, amma qalib gələ bilmirsən. "Xəzər Lənkəran” da məhz bu halla üzləşib. Hər oyun yaxşı oynayırlar. Amma qol vura bilmirlər. Mənə elə gəlir ki, qarşıdakı matçda oyun intizamı daha yaxşı olan üstünlük qazanacaq. İmkanlardan daha tez kim istifadə etsə, ilk qolu kim vursa, o da qalib gələcək”.
Qeyd edək ki, "Qəbələ" - "Xəzər Lənkəran" matçı sabah saat 19:00-da start götürəcək.