Rusiyalı mütəxəssis deyib ki, oyundan sonra "Qəbələ"nin paltardəyişmə otağına girən Heydərov komanda üzvlərinə təşəkkürünü bildirib. Syominin fikrincə, klub prezidenti Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeş sayını və yaxşı səviyyədə olan təşkilatçılığı bəyənib: "Mənə elə gəlir ki, uduzmağımıza baxmayaraq, bu, "Qəbələ"nin ən yaxşı oyunlarından biri idi. "Qəbələ"nin əla perspektivi var. Burada anlayırlar ki, yaxşı nəticəyə nail olmamışdan öncə müəyyən mərhələləri - uğursuzluqlar və nailiyyətləri, futbol məktəbi və infrastrukturunun inkişafını keçmək lazımdır".
Sabiq baş məşqçinin fikrincə, "Qəbələ"nin rəhbərləri futbolu bilir, sevir və inkişaf elətdirməyə hazırdır. Qəbələdə çoxlu meydança, gözəl baza, əla futbol akademiyası tikilib: "Hələlik bunlar heç nə verməsə də, gələcəkdə bəhər gətirəcəyinə əminəm".
Müsahibədən o da məlum olur ki, mükafatlandırma mərasimindən sonra "Qəbələ" yeməyə yollanıb. Bu vaxt Syominin komandadan getdiyi müəyyənləşib. Rusiyalı mütəxəssis bütün futbolçularla vidalaşarkən, gecə saat 1:30 olub.