"Sabah" klubunun baş məşqçisi Arif Əsədovun yoxlama matçında "Netfçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra Sportner.az-a müsahibəsi
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Artıq hazırlıq prosesimizin 3-cü mərhələsindəyik. "Neftçi" ilə oynamaqda əsas məqsəd odur ki, komandanın zəif cəhətlərini bilək. Belə matçlarda səhvlər daha çox olur. Oyundan razı qaldım. Müdafiədə komanda yaxşı oynadı. Hücumda hələ çatışmazlıqlar qalır. Bunun da səbəbləri var. Komanda yeni yığılıb. Məhəmməd Qurbanov da dünən qoşulub. Bəzi futbolçular yeni gəliblər. Uyğunlaşma baxımından çətinliklər var. Düşünürəm ki, bunları həll edəcəyik.
- "Uğur"la matçda 2:4 hesabı ilə məğlub oldunuz. Bu gün isə "Neftçi" sizi çətinliklə məğlub etdi. Həmin matçda nə baş vermişdi?
- "Uğur"la oyun əvvəlcədən planlaşdırılmamışdı. Hazırlığın ikinci mərhələsində əsas 3 rəqibimiz var idi. "Qaradağ Lökbatan", "Səbail"in əvəzediciləri və "Şüvəlan". "Uğur"la matçda baxışa gələn oyunçular var idi. Onları yoxlamaq üçün bu oyunu araya saldıq. Əsas futbolçularımızın 90 faizi oynamırdı. Təzələrı sınadıq. Yola saldıq, getdilər.
- Bəzi klublar Premyer Liqada iştirak üçün ərizə verib və artıq müddət də başa çatıb. Sizin komanda ərizə verənlər sırasındadırmı?
- Bu sualları rəhbərliyə versəniz, daha yaxşı olar. Bizim işimiz odur ki, I Divizionun oyunlarına hazırlaşaq. Gələcək üçün planları rəhbərlik yaxşı bilər.
- Məgər Sizin məlumatınız yoxdur?
- Bizim komanda uzunmüddətli proyektdir. Əsas məqsədimiz komandanı formalaşdırmaqdır. "Sabah" tez bir zamanda quruldu. Əvvəlki komandadan 12-13 futbolçunu yola saldıq. Vaxtımız oldu və daha yaxşı futbolçular cəlb etdik.
- Bu gün "Neftçi"yə qarşı oynadınız. Vaxtilə bu komandada baş məşqçi kimi çalışmısınız. Sizin vaxtınızdakı "Neftçi"ni bu komanda ilə müqayisə etsəniz, hansı daha güclüdür?
- Hər zamanın öz komandası var. O vaxtkı "Neftçi"də daha çox motivasiya var idi. Komanda daim birinci yer uğrunda mübarizə aparırdı. Həmin rəhbərlik və futbolçular o ruhda idilər. 5 oyun udub bir oyun heç-heçə edəndə üzülürdük. Son zamanlar "Neftçi"də eniş dövrüdür. Komandada ruh çatışmayan cəhətdir. Düşünürəm ki, bu, düzələcək. Tərlan Əhmədov komandaya qoşulandan işləri yaxşıya doğru gedir.