"Neftçi"nin futbolçusu Emin Mahmudov səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XVIII tur matçından sonra brifinq keçirib. Təcrübəli yarımmüdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- Uzun müddətdir ki, qol buraxdıqdan sonra oyunu xilas edə bilmirdik. Bu gün isə xarakter nümayiş etdirdik. Çünki kollektiv oyun sərgiləyəcəyimiz halda istənilən komandanı yenəcəyimizi bilirdik.
- Bərabərlik qolunda heç nədən Mirabdulla Abbasovun fərqlənməsinə imkan yaratdın. Bu epizodu necə şərh edərdin?
- Topa tərəf qaçanda gördüm ki, rəqib futbolçu onu qapı qarşısından irəli vurmaq istəyir. Topa çatmağa çalışdım. Bu, yaxşı alındı və sonrası da hamıya məlumdur.
- Bu epizodda Yuri Vernidubun günahının, yoxsa Mirabdulla Abbasovun əməyinin böyük olduğunu düşünürsən?
- Bunu deyə bilmərəm.
- Bayaq "Kollektiv oyun sərgiləyəcəyimiz halda istənilən komandanı yenərik" dedin. Əvvəllər belə oyun göstərməyinizə nə mane olurdu?
- Söhbət nəyinsə mane olmasından getmir. Hərdən lazımınca xarakter göstərmirdik. Qol buraxan kimi qollarımızı yanımıza salırdıq. Bu gün isə göstərdik ki, hesabda geri düşəndə də, istənilən vəziyyətdə də oynaya bilərik.
- Fasilədə paltardəyişmə otağında nə baş verdi ki, "Neftçi" ikinci hissədə daha parlaq oyun sərgilədi?
- Baş məşqçi Tərlan Əhmədov bir neçə məsələni diqqətimizə çatdırdı. Əlbəttə, iradlarını da bildirdi. Bunlardan düzgün nəticə çıxardıq. Baş məşqçimizə qulaq asaraq, onun tələb etdiyi kimi oynadıq. Bununla da nəticə gəldi.
Təbriz QULİYEV