"Zirə"nin futbolçusu Jozef Bum evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XVIII tur matçından sonra brifinq keçirib. Kamerunlu müdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- Uzun fasilədən sonra ilk oyununuza çıxdınız. Oynamamağınız zədə ilə bağlı idi?
- Bəli.
- Bu gün komandanız məğlub oldu. Uduzmağınızın səbəbini nədə görürsünüz?
- Hər bir komandanın üzləşdiyi bu cür çətin məqamlar olur. Düşünürəm ki, üzərimizə düşən vəzifə bu vəziyyətdən qısa müddətdə çıxmaqdır.
- Ardıcıl məğlubiyyətlər nə ilə əlaqədardır?
- Belə çətin vəziyyətlərdə konkret bir səbəb olmur. Çoxlu səbəb saya bilərik. Düşünürəm ki, tezliklə belə vəziyyətdən qurtulmalıyıq.
- Bu gün hücum edən tərəf siz oldunuz. Amma iki qol buraxdınız. Nəticəni nə dərəcədə ədalətli sayırsınız?
- Futbol belədir. Bəzən çox hücum edən tərəf sən olduğun halda, qapında qollar görə bilərsən. Düzgün vurğuladınız: Bu gün hücum edən tərəf biz idik. Lakin qapımızda iki qol gördük. Futbol səhvlər üzərində qurulub. Rəqib müəyyən səhvlərimizdən yararlanaraq, bizə qollar vurdu.
- Baş məşqçi Ayxan Abbasov və bombardiriniz Riçard Qadzenin cəza üzündən meydanda olmamaları məğlubiyyətdə çoxmu rol oynadı?
- Bəli. Belə düşünün ki, bir komandasan. Lakin baş məşqçin texniki zonada, Qadze isə oyunda deyilsə, deməli, ailədən bir parça yoxdur. Bunları qələbə üçün önəmli amillər də saya bilmərəm. Amma onlar öz yerlərində olsaydılar, biz bütöv ailəyə çevriləcəkdik.
- Qış fasiləsinədək 2-ci pillə üçün oynayacağınızı düşünmək olardı. İndi isə 3-cü yer də əldən getmək üzrədir. Bu, sizi narahat etmir?
- Bu, çempionatı daha da maraqlı və həyəcanlı edən amillərdəndir. Hər bir komandada bu cür hallar olur. Üzərimizə düşən vəzifə tezliklə bu vəziyyətdən çıxmaqdır. Bəli, təhlükəli məqam ola bilər. Çalışıb, tez bir zamanda bunu dəf etməliyik.