"Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki son 3 oyununu izləmişəm".
Bunu Sportnet.az-a açıqlamasında Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko deyib. 54 yaşlı mütəxəssis martın 23-də Bakıda yoldaşlıq görüşündə üz-üzə gələcəkləri millimizlə qarşılaşma üçün genişlənmiş heyəti artıq müəyyənləşdirdiyini deyib. O, Bakıya 23 futbolçu gətirəcəklərini diqqətə çatdırıb.
Kriuşenko millimizin yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Türkiyənin Antalya bölgəsində Moldovaya qarşı keçirdiyi yoldaşlıq görüşünü izləməməsinin səbəbini belə izah edib: "Onsuz da komandanıza, demək olar ki, eyni futbolçular dəvət alır. Əksəriyyəti isə "Qarabağ"dan çağırılır. Bu səbəbdən, oyun planında hansısa ciddi dəyişikliyin baş verdiyini düşünmürəm".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlanacaq. Millimiz ötən seçmə tsikldə son 3 oyununda evdə San Marino (5:1) və Çexiya (1:2), səfərdə isə Almaniya (1:5) ilə üz-üzə gəlib.