"Çox vacib qələbəyə nail olduq. Mən və komandam bu qələbə ilə fəxr edirik. Çünki bu, vəziyyətin elə də xoş olmadığı dövrdə qazanıldı. İlk növbədə, özünəinam, xarakter, toparlanma bu gün qazanılmış 3 xaldan önəmlidir".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Kəpəz" üzərində 1:0 hesablı qələbə qazandıqları Topaz Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Cavid Hüseynovun oynamaması nə ilə əlaqədar idi?
- Həyatda hansı pis anlar baş verirsə, "Qəbələ"nin başına gəldi. Nə vaxtsa bunlar barədə danışacağam. Hazırda isə söhbət konkret olaydan gedir. Cavid iki gün əvvəl tennisbol oynadığımız vaxt zədə alıb. Onun ayağı partlayıb. Nəticədə 6 tikiş qoyulub. Bu, nadir hallarda baş verir. Lakin Cavid məhz indi, belə çətin və bizə lazım olan vaxtda zədələnib. Sevinirəm ki, onun iştirak etmədiyi oyunda qələbəyə nail ola bildik. Cavidə tezliklə sağalmasını diləyir və onu 30 yaşı olması münasibətilə təbrik edirəm.
- Rasim Ramaldanovu meydana buraxacağınızı gözləsək də, görmədik...
- Mənim dərin futbol analizimi, futbolçuları yaxından tanımağımı, psixoloji məqamlara baxışlarımı qiymətləndirin. Bu, mənim qərarımdır.
- Hədsiz emosional olmağınız nə ilə əlaqədar idi?
- Bu barədə danışmaq istəmirdim. Sual verdiyiniz üçün danışıram. Bu oyunu idarə edən hakimlərə çox böyük hörmətlə yanaşıram. Bunu səmimi etiraf edirəm. Bununla belə, baş hakim Rəvan Həmzəzadənin bəzi epizodlarda sarı vərəqə göstərmə və ya göstərməmə üsulu ilə əsla razı deyiləm. Bunu bu gün bizə və rəqibə münasibətdə gördük. O dərəcədə narazıyam ki, hətta qəzəbliyəm. Elə indi də danışa-danışa özümdən çıxıram. Çünki buna dözə bilmirəm.
- Stiven-Jozef Monrozun durumu necədir?
- Hələlik o, zədəlidir. Onun bərpasına nə qədər vaxtın lazım gələcəyini hələ bilmirik. O, fərdi proqram əsasında çalışır. Bərpa dövrü keçir. Görək, nə zaman hazır vəziyyətə gələcək.
- Bu qələbəni kimə həsr edərdiniz: Azarkeşlərə, yoxsa Cavid Hüseynova?
- Əlbəttə, qələbənin bir hissəsini azarkeşlərə həsr edirik. Çünki biz həmişə onlar üçün oynayırıq. Qələbənin bir hissəsi isə Cavid üçündür. Biz bu gün məhz bir nəfərə qələbə həsr edə bilmərik. Bu qələbə yalnız bizim komandaya təşəkkür məqsədilə həsr olunub. Onlar buna layiq idilər. Bu qələbəni hətta hədiyyə belə etmək olmaz. Çünki bu, həyatında çox vacib, dəyərli əşyadır.
- Cavid Hüseynov üçün hansı hədiyyəni alacaqsınız?
- Ona şərf alacağıq. Cavidin boğazı ilə bağlı həmişə problemləri olur. Ona 10 şarf alacağam ki, boğazını bərk-bərk bağlasın. Bu qələbə isə komandanındır və bizə hazırkı məqamda çox vacibdir. Amma biz Cavidi çox sevirik.