Topaz Premyer Liqasında XX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir matç baş tutub. "İnter Arena”da "Keşlə” və "Qəbələ” üz-üzə gəlib. Qarşılaşmada hesabı qonaqlar açıb. Baqali Dabo 32-ci dəqiqədə fərqlənib. Fasilədən sonra isə meydan sahiblərinin heyətində Voislav Stankoviç öz qapısını nişan alıb. Serbiyalı müdafiəçinin 59-cu dəqiqədə yol verdiyi kobud səhv həm də yekun nəticəni müəyyənləşdirib.
Görüş baş hakim Ömər Paşayevin kobud səhvləri ilə də yadda qalıb. Gənc FİFA referisi 65-ci dəqiqədə "Qəbələ"nin qapısına təmiz penaltini təyin etməyib, 90+2-ci dəqiqədə isə "qırmızı-qaralar"ın qaydalar çərçivəsində vurduğu qolda ofsayd qeydə alıb.
Bu bərabərlikdən sonra komandaların turnir cədvəlindəki mövqelərində dəyişiklik baş verməyib. "Qəbələ” 39 xalla 2-ci, "Keşlə” isə 16 xalla 7-cı sıradadır.
Qeyd edək ki, XX turun digər 3 oyunu martın 14-də keçiriləcək. Həftəiçi "Neftçi” – "Qarabağ”, "Zirə” – "Səbail” və "Sumqayıt” – "Kəpəz” duelləri olacaq.
----------------------------------------------
Bu gün Topaz Premyer Liqasında XX tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq bir matçda ukraynalı mütəxəssislərin rəhbərlik etdikləri kollektivlər - "Keşlə” və "Qəbələ” üz-üzə gələcək. "İnter Arena”da keçiriləcək qarşılaşmaya tərəflər fərqli məqsədlər üçün çıxacaqlar. Hazırda 15 xalla 7-ci pillədə qərarlaşan meydan sahibləri turnir cədvəlindəki durumunu yaxşılaşdırmaq haqda düşündüyü halda, 38 xalla 2-ci pillədəki qonaqlar lider "Qarabağ”la aradakı fəqin daha da böyüməməsi üçün çalışırlar. Digər tərəfdən, "qırmızı-qaralar” "üçlüy”ü qapayan "Zirə”dən uzaqlaşmaq istəyirlər.
Azərbaycanda 4-cü mövsümünü keçirən "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bu müddətdə titul əldə edə bilməsə də, komandasına iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırıb. Qış fasiləsində "Keşlə”nin sükanı arxasına keçən Yuri Maksimovun qarşısına isə Azərbaycan Kubokunu götürmək tapşırığı qoyulub. Lakin 50 yaşlı mütəxəssisin işləri heç də yaxşı getmir. Sonuncu turda "Neftçi”yə 2:3 hesablı məğlubiyyətdən sonra "Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi", - söyləyən Maksimovun hər an keşləlilərlə vidalaşması mümkündür. Bu baş verərsə, Qriqorçuk Azərbaycan klubuna rəhbərlik edən yeganə əcnəbi baş məşqçi ünvanını geri alacaq.
Bu komandaların ilk iki dövrədəki oyunlarında "Qəbələ” qalib gəlib. Evdə 3 cavabsız qolla sevinən "qırmızı-qaralar” səfərdə 2:1 hesabı ilə qalib gəliblər. Umumiyyətlə, bu kollektivlər 43-cü dəfə qarşılaşacaqlar. İlk görüşləri 11 il əvvələ - 2006/2007 mövsümünə təsadüf edən rəqiblər indiyədək 42 dəfə üz-üzə gəliblər. "Qəbələ” 14 qələbə qazanıbsa, 15 matçdan məğlub ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdir – 55:45.
Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan "qırmızı-qaralar” 14 dəfə yenilib. 22-ci dəfə "Keşlə”nin qonağı olacaq "Qəbələ” səfərdəki 21 matçdan 6-da qalib gəlib, 10 dəfə məğlub olub.
"Qəbələ” artıq 11 matçdır "Keşlə”yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn əyalət təmsilçisi bu matçlarda ən azı 2 qol vurub.
Qeyd edək ki, XX turun digər 3 oyunu martın 14-də keçiriləcək. Həftəiçi "Neftçi” – "Qarabağ”, "Zirə” – "Səbail” və "Sumqayıt” – "Kəpəz” duelləri olacaq.
Topaz Premyer Liqası
XX tur
13 mart
15:30. "Keşlə” – "Qəbələ” 1:1
Qollar: Voislav Stankoviç, 58 - öz qapısına - Baqali Dabo, 32
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"İnter Arena”