1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şeydayevin siftəsi
Vüqar MƏMMƏDOV
Ramil Şeydayev 2018-ci ildə ilk dəfə "Qarabağ"ın start heyətində meydana çıxdı. Bu, Topaz Premyer Liqasında XIX turun "Zirə" ilə ev oyununa təsadüf etdi. Hazırkı klubunun heyətində heç cür qol vura bilməyən gənc hücumçu üçün bu görüş ciddi sınaq sayıla bilərdi. Şeydayev yenə qol vura bilmədi. Lakin istər hər iki qol epizodunda, istərsə də bir çox yaradılan və boşa verilən qol imkanlarında Şeydayev bilavasitə iştirak etdi.
Gəlin baxaq: Qollar vurulmamışdan əvvəl, hələ 7-ci dəqiqə gedərkən, künc zərbəsi zamanı o, rəqibin oyunçusunu özünə çəkdi və topun Elvin Yunuszadəyə gəlməsinə şərait yaratdı. Yunuszadə isə topu qapıçının üstünə vurdu. Birinci qolda (çox böyük ehtimalla bu kombinasiya uzun müddət üzərində işlənilən, xüsusi məşq edilmiş bir plan idi) top cinahdan ötürülərkən, ucaboy Şeydayev və Miçel mərkəzə, qapının ağzına girdilər və bütün müdafiəçilərin diqqətini özlərinə yönəltdilər. Müdafiəçilərin ağlına gəlməzdi ki, top balacaboy Dani Kintanaya ötürülə bilər. Çünki cinah asması zamanı toplar, adətən, ucaboylu oyunçulara ötürülür. Amma Pedro Enrike topu ustalıqla müdafiəçilərin bağlamağa çalışdığı Şeydayev və Miçelin başı üzərindən boş qalan Kintanaya verə bildi.
Eləcə də ikinci qolda Şeydayevin buraxdığı (və ya çata bilmədiyi) top müdafiəçiləri çaşdırdı və Yunuszadə fürsəti boşa vermədi. 61-ci dəqiqədə Maksim Medvedevin ötürməsindən sonra Enrikenin başla qapı tirinə vurduğu topda həmin zonadakı müdafiəçini özünə çəkən elə gənc forvard idi. Sanki bunların hamısı ev tapşırığı idi və Şeydayev cinah ötürmələri zamanı topsuz oynayırdı. Yəqin ki, elə belə də olub. Bütün bunlar göstərir ki, baş məşqçi Qurban Qurbanov Şeydayevə daha çox topsuz oynamağı, müdafiəçiləri özünə çəkməklə, komanda yoldaşlarına mövqe saxlamağı tapşırıb.
O ki qaldı Ramilin qol vura bilməməsinə, bu barədə bir dəfə yazmışıq, yenə təkrar yazaq: Bu, böyük ehtimalla psixoloji faktorla bağlıdır. Şeydayevin "Zenit-2”dəki məşqçisi Vladislav Radimovun müsahibəsindəki Şeydayevlə bağlı fikirlərinə baxaq: "Ramil Rubinə getdi, oradan qayıdanda sınmış vəziyyətdə idi, amma buna baxmayaraq, "Zenit-2”də, 12 çempionat oyununda 10 qol vurdu”.
Bir komandada sınmış vəziyyətə düşmək, digərində 12 oyuna 10 qol vurmaq insanın psixoloji həssaslığı ilə bağlıdı. Çox maraqlıdır, Radimov Şeydayevə nə deyib, nə danışıb ki, bu adam onun yanında bombardir olub, digər məşqçilərin yanında yox. Demək, Ramilin beyninin, belə deyək, hansısa yolu var, şüurunda hansısa bir "qapı” var, bunu digər məşqçilər tapa bilmirlər ki, ora "girib” hansısa "payka”ları bərkitsinlər. Bu yolu ancaq Radimov bilir. Bu baxımdan, onun "Şeydayev məşqçisini tapmalıdır” fikri başadüşüləndir. Bəlkə Qurban Qurbanov elə Radimovdan soruşsun: "Bu, necə olur ki, Ramil başqa komandalarda ehtiyatda qalır, heç nə eləyə bilmir, ancaq gəlib səndə oynayanda qol vurur? Ona nə deyirsən ki, səndə qol vura bilir, ancaq başqa komandalarda yox?"
Təbii ki, hər bir oyunçunun potensialının açılmasında məşqçi maraqlı olmalıdır. Hər bir məşqçi də istəyər ki, əlindəki futbolçu yüksək səviyyədə çıxış etsin. Çünki məşqçiyə baş ucalığı gətirən, hörmətini artıran futbolçularıdır.
Şeydayev bu il "Zirə" ilə oyunda start heyətdə siftə etdi. Qol siftəsini isə kim bilir, bəlkə də bu gün "Neftçi" ilə oyunda edəcək. O "Neftçi" ilə ki, növbəti dayanacağı ola bilər.