"Əvvəlcə rəqibdən danışmaq istəyirəm. "Kəpəz" sözün həqiqi mənasında məni təəccübləndirdi. Bu komandaya qarşı oynamaq çətindir. "Kəpəz" öz oyununu tapdıqca, problem olacaq. Bizə gəldikdə, birinci hissəni Gəncədə oynadıq. İkinci hissədə isə ara məsafəsi 5 saat olsa da, tez qayıda bildik və Sumqayıtda oynadıq".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Kəpəz"i 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis daha sonra juralistlərin suallarını cavablandırıb...
- Bu qələbəni nəyin sayəsində əldə etdiniz?
- Futbolçulara minnətdaram ki, əllərindən gələni də, gəlməyəni də etdilər. Hazırda "Sumqayıt"da gözəl komanda ruhu yığılıb. Hesab 1:1 olduğu vaxt yanımdakı uşaqlar da deyirdilər ki, nə vaxt birini də vuracağıq. Məni də hərəkətə gətirmişdilər. Axır ki, vurduq. Paltardəyişmə otağında nələrin baş verdiyini görəsiniz. Görüləcək işlər qabaqdadır. Milliyə dəvət olunan futbolçular olacaq.
- Milliyə hansı futbolçularınız dəvət alıb?
- Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə 21 yaşadək futbolçulardan ibarət yığmaya çağırılıb. Əsas millinin heyəti isə hələ açıqlanmayıb. Amma düşünürəm ki, Cavid İmamverdiyevi ən azı orada görəcəyik. 2-3 nəfər olsa, çox sevinərik.
- Komandada psixoloji basqı yoxdur?
- Bura gələnədək klub prezidentinin otağında idim. Ona da dedim. Biz rəqiblərə baxmırıq deyənlər yalan danışır. İtən xallara da sevinmirik. Üzərimizdəki "Hökmən udmalıyıq" yükü bizə problem yaradırdı. Qələbə olmasaydı, futbolçularla başqa cür danışardıq.
- İkinci yer komanda üçün təzyiq olmayacaq?
- Təzyiq yox, məqsəd olacaq.
- Rəşad Eyubov bütün duran toplara özü yaxınlaşır. Bu tapşırıq sizdəndir, yoxsa özü gedir?
- Elə tapşırıq yox idi. Sadəcə, dayaq yarımmüdafiəçisindən çox şey tələb edirik. Kim artıq nəsə edibsə, bu oyuna görə keçirik.