Martın 23-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə yoldaşıq matçı keçirəcək Belarus yığmasının heyətində dəyişiklik edilib.
Sportnet.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi İqor Kriuşenko Azərbaycan və Sloveniya milliləri ilə görüşlər ərəfəsində təşkil etdiyi mətbuat konfransında bildirib. O, Kipr APOEL-nin zədəli müdafiəçisi Denis Polyakovu Brest "Dinamo”sunun arxa xətt oyunçusu Aleksey Qavriloviçin əvəzləyəcəyini açıqlayıb.
İ.Kriuşenko Aleksandr Qlebin yığmaya qayıtmaq perspektivindən də söz açıb. O, İspaniya təmsilçisi "Barselona”nın sabiq futbolçusunun Millətlər Liqasında komandaya kömək etmək istədiyini deyib: "Qleblə püşkatmadan sonra danışdıq. İsveçrədən birlikdə uçduq. Söhbət belə oldu. Ona söylədim: Mənim üçün klub tapmağın və fiziki hazırlığını bərpa etməyin vacibdir. Həmişə bu söhbətə qayıtmağa hazıram”.
Baş məşqçi yığmada Brest "Dinamo”sunda forma geyinən futbolçuların çox olmasının səbəbini də açıqlayıb: "Bu klubdan 6 futbolçunun yığmada yer alması nadir hadisədir. Hətta BATE-dən də çox. Amma indi Mixail Qordeyçuk və Aleksey Rios zədəlidir. Onlar "Dinamo”dan olanları əvəzləyə bilərdilər. Həm də Brest komandasını toplanışda görmüşəm, eləcə də Superkubok və Belarus Kubokunda oyunlarında olmuşam. "Dinamo”nun hücum futbolu sərgiləməsi xoşuma gəlir. Bu, müsbət məqamdır. Həmin futbolçuların psixologiyası mənim yığmada görmək istədiyim kimi formalaşır. Ona görə də bu gün yığmaya Brest təmsilçisindən çox sayda futbolçu dəvət etmişəm”.
54 yaşlı mütəxəssis 2017-ci il noyabrın 9-da Ermənistana 1:4 hesabı ilə uduzduqları yoldaşlıq görüşünün bukmeykerlər tərəfindən şübhəli oyunlar sırasına daxil edilməsinə də münasibət bildirib. Onun fikrincə, xəstə adamlara reaksiya verməyə gərək yoxdur: "Əlbəttə, bunu eşitmək xoş deyil. Mənim mövqeyim belədir ki, bu, uydurmadır. Söz-söhbətləri müzakirə etməyə lüzum yoxdur".
Qeyd edək ki, martın 23-də keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq.