"Zirə" klubunun baş məşqçisi Ayxan Abbasov "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Komandanın hazırlığı necə keçir?
- Milli komandalara görə yaranmış fasilədən səmərəli istifadə etmək istədik. Futbolçular yorğun idilər. Bir həftə ərzində intensiv məşqlər etdik. Çalışdıq ki, bunu yaxşı oyunla yekunlaşdıraq. Bu gün "Səbail”ə qarşı yaxşı oynadıq. Hər iki hissədə fərqli futbolçulara şans verdik. Onlardan razıyam. İstəkli olduqlarını gördüm. Bu isə bizi qane edir. Qarşıda Premyer Liqada 8 matç var. Bunlar çox gərgin keçəcək. Hər oyun final matçı olacaq. Çalışacağıq ki, buna hazır olaq.
- Bu gün oynamayan futbolçulara şans verdiniz. Onların çıxışı sizi razı saldımı?
- Belə fasilələrdə əvəzediciləri komandaya dəvət edirik. Onlar əsas komandanın ab-havasını hiss etməlidirlər. Zədədən əziyyət çəkən futbolçular da var idi. Onlar da zədələrini bərpa ediblər. Oynamaq üçün onlara da şans verdik. Ümumi götürsək, hər şey normaldır. Komandada çatışmazlıqlar var. Amma oyunçularımın istəkli olmaları məni qane etdi.
- Komanda qış fasiləsindən sonra öz oyununu tapa bilmədi. 3-cü pilləni də əldən verdiniz. Hazırda 4-cü yerdə olsanız da, "Neftçi” sizi yaxından izləyir...
- "Komanda oyununu tapa bilmir" deməzdim. Oyunumuz var. Sadəcə, qələbə yoxdur. Ona görə futbolçular təzyiqlə üzləşdi. Doğma meydanda "Keşlə” və "Səbail”lə matçda mütləq qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Futbolda belə hallar olur. Futbolçuları buna hazırlamışam ki, hər zaman qalib gələ bilmərik. Bu gün komanda ruhdan düşmür. Qarşıdakı oyunlar bizim üçün daha da stimul olmalıdır. Xallar qazanmalı və itirdiyimiz 3-cü yeri ələ keçirməliyik. Avropa Liqasında da çıxış etmək istəyirik. Bunun üçün axırıncı oyunlara kimi vuruşacağıq.
- "Neftçi” son turlarda baxımlı oyun sərgiləyir. Bu, "Zirə”yə çətinlik törədəcəkmi?
- "Neftçi” hər zaman çempionluğa və avrokuboklara vəsiqə qazanmaq üçün oynayır. O komandanın gücü bəllidir. Digər komandalar da avrokuboklar üçün iddialıdır. "Sumqayıt” da, "Keşlə” də Avropa Liqasını istəyir. Bu komandalarla oyun gərgin olur. Heç kimi rahat məğlub etmək olmur. Tək "Neftçi”yə görə yox, digər komandalara da qarşı hazır olmaq lazımdır.
- Mövsümün sonu yaxınlaşır. "Qara siyahı"nıza düşən futbolçular var?
- Hazırda buna vaxtımız yoxdur. Düşünməyə də ehtiyac duymuram. Qarşıda 8 oyun var. Həmin matçlarda hansı futbolçular şans qazanacaq, bu şansları necə dəyərləndirəcəklər, bunları zaman göstərəcək. Komandada olan bütün futbolçulara inanırıq. Meydanda dəyişikliklər də edirik. Kim hazırdırsa, oynayır.
- Millinin oyununu yəqin ki, izləmisiniz. Belarusla qarşılaşma haqda nə deyə bilərsiniz?
- Milli komanda yaxşı futbol oynadı. Məğlub olsaq da, yeni komanda var. Heyətə də baxsaq, görürük ki, bu gün klublarda əsas heyətdə oynayan futbolçulara şans verilib. Elə oyunçular var idi ki, millinin formasını ilk dəfə geyinirdilər. Üstünlük bizdə idi. Qol imkanlarından istifadə edə bilmədik. Uyğunlaşmaq üçün komandaya vaxt lazımdır. Gələcəkdə yaxşı olacaq.
Təbriz QULİYEV