Futbol üzrə Azərbaycan milli komandası 2018-ci ildə üçüncü yoldaşlıq görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Makedoniya yığması olub. Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ilk yarıda və penaltidən vurulub. 6-cı dəqiqədə Azərbaycan millisinin hücumu zamanı Namik Ələskərova qarşı kobudluğa görə türkiyəli baş hakim Halis Özkahya 11 metrlik cərimə zərbəsi təyin edib. Riçard Almeyda bu imkandan yararlanmağı bacararaq, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi dövründə millinin ilk qolunun müəllifi olub.
Lakin 21-ci dəqiqədə VAR sisteminə müraciət olunduqdan sonra Makedoniya yığmasının lehinə penalti təyin olunub. Ruslan Abışovun Qoran Pandevə qarşı kobudluğu nəticəsində Aleksandar Traykovskinin "ağ nöqtə"dən endirdiyi zərbə dəqiq olub.
Bununla da Qurban Qurbanov millidə ikinci heç-heçəsini alıb. İlk heç-heçə elə "Mardan" stadionunda yanvarın 30-da Moldova ilə görüşdə baş verib - 0:0. Martın 23-də isə Azərbaycan yığması Bakıda Belarusa uduzub - 0:1.
----------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək. Sportnet.az-ın məlumatına görə, rəqib Makedoniya yığması olacaq.
Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda gerçəkləşəcək oyunu Halis Özkahyanın başçılığı altında türkiyəli hakimlər briqadası idarə edəcək. Bu görüşdə Azərbaycan futbolu tarixində ilk dəfə VAR (video assistant referee) sistemi tətbiq olunacaq. Bununla əlaqədar Türkiyə Futbol Federasiyası AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib. Hər iki milli assosiasiya müraciəti müsbət cavablandırıb.
Digər tərəfdən, Azərbaycan millisi yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında üçüncü matçına çıxacaq. 2018-ci ildə ilk sınaq yanvarın 30-da elə "Mardan"da Moldova ilə görüşə təsadüf edib. Oyun qolsuz tamamlanıb. İkinci görüş martın 23-də Bakı Olimpiya Stadionunda gerçəkləşib. Bu dəfə qonaqlar qələbə qazanıb - 1:0. Qolu Maksim Medvedev öz qapısına vurub.
Bugünkü rəqib isə daha səviyyəli və arzuolunmaz komandalardandır. Hazırda FİFA reytinqində 75-ci pillədə qərarlaşan Makedoniya ilə əvvəlki 6 qarşılaşmada 5 dəfə məğlub olan Azərbaycan yığması cəmi 1 heç-heçə ilə kifayətlənib. 2001-ci il sentyabrın 5-də keçirilmiş dünya çempionatının seçmə qrup matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Məğlubiyyətlərdən 4-ü yoldaşlıq görüşlərində qeydə alınıb:
27.07.2000 Makedoniya - Azərbaycan 2:1 (YO)
06.10.2000 Makedoniya – Azərbaycan 3:0 (DÇ-2002)
05.09.2001 Azərbaycan – Makedoniya 1:1 (DÇ-2002) (Fərrux İsmayılov, 90 - Vanço Trayanov, 12)
29.05.2010 Azərbaycan – Makedoniya 1:3 (YO) (İvan Triçkovski, 27. Rəşad Sadıqov 66-ö/q. Mario Curovski, 88 - Elvin Məmmədov, 89)
10.08.2011 Azərbaycan – Makedoniya 0:1 (YO) (Qoran Pandev, 57)
29.05.2016 Azərbaycan – Makedoniya 1:3 (YO) (Maryan Radeski, 19. Qoran Pandev, 33. İliya Nestorovski, 90 - Əfran İsmayılov 73-p)
Azərbaycanla matçdan əvvəl Makedoniya millisi Antalyada Finlandiya ilə yoldaşlıq görüşü keçirib. Oyun qolsuz yekunlaşıb - 0:0.
Qurban Qurbanovun rəhbərliyi altında Antalyaya 23 futbolçu yollanıb. Onlardan Pavel Paşayev zədə səbəbindən Makedoniya ilə matçı buraxmalı olacaq.
27 mart
Yoldaşlıq görüşü
20:00. Azərbaycan - Makedoniya - 1:1
Qollar: Riçard Almeyda, 6 (penalti ilə) - Aleksandr Traykovski, 21 (penalti ilə)
Baş hakim: Halis Özkahya
Hakimlər: Kerem Ersoy, Kemal Yılmaz, Ali Palabıyık
VAR hakimləri: Cüneyt Çakır, Hüseyin Göçek (hamısı Türkiyə)
Antalya, "Mardan" stadionu