"Çempiona qarşı oynadıq. Yaxşı köklənmişdik, amma məğlub olduq. Rəqibə çox imkan verməsək də, standart vəziyyətdən qol buraxdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Rail Məlikov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXIV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Təcrübəli müdafiəçi digər sualları da cavablandırıb...
- Görüş başa çatan kimi baş məşqçiniz hakimlərə hücum çəkdi. Siz necə, hakimlərin idarəçilyindən razı qaldınız?
- Hakimlər haqqında danışmağı sevmirəm. Baş məşqçi əsəbləşibsə, yəqin nəsə görüb.
- Bəs siz nəsə gördünüz?
- Görsəm də, açıqlamaq istəmirəm.
- Bu, "Qarabağ”ın çempionluq matçı olmasaydı, hakim yenə belə idarəçilik edərdilərmi?
- Bu barədə nəsə desəm, düz olmaz. Biz çalışırıq ki, xal itirməyək və hədəfimizə doğru gedək. "Qarabağ” üçün nə qədər vacib oyun idisə, bizim üçün də o qədər vacib idi.
- "Neftçi”nin qələbə qazanması ilə işiniz çətinləşdi...
- Çətinləşmədi. Onlar sadəcə bizə yaxınlaşdı. Əslində biz digər komandalara baxmırıq. Öz oyunumuzu oynayırıq. Kiməsə baxsaq, itirəcəyik.
- Sanki kubokdakı uğursuzluq komandaya az da olsa təsir edib...
- Bu ikisi fərqli turnirlərdi. Bir-birinə qatmaq olmaz. Hərəsi üçün ayrıca məşq edib hazırlaşırıq. Ona görə də bir təsiri yoxdu.
- Növbəti turdakı rəqibiniz "Səbail” haqqında nə düşünürsüz?
- Bundan sonrakı hər oyuna final kimi çıxırıq. Ağır olacaq. İnşallah itkisiz çıxmaq istəyirik. Doğma meydan amili də kömək edəcək.