1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kamrandır da, yəqin qalmaqal yaratmaq istəyib" - MÜSAHİBƏ
"Qəbələ" komandasının futbolçusu İlqar Qurbanovun səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra Sportnet.az-a müsahibəsi
- "Neftçi"ni 4 gün əvvəl "Bakcell Arena"da məğlub etsəniz də, bu dəfə uduzdunuz. Bu dəfə qələbə qazanmağınız niyə alınmadı?
- Alınmadı deyəndə ki, 90 dəqiqə rəqibdən üstün oynadıq. İlk dəqiqələrdə olmayan cərimə zərbəsi verdilər. Ruslan Abışov da yaxşı zərbə vuraraq, baxımlı qola imza atdı. Hesabda 1:0 önə keçdilər, ancaq yenə də üstünlük biz tərəfdə idi. Qol vurmaq üçün xeyli imkanımız oldu. Rəqib də əks-hücumlarda oynayırdı.
- Hesab edirsən ki, qol epizodunda qayda pozuntusu yox idi?
- Məncə, yox idi. Həmin epizoda yaxşı baxsınlar.
- Yəni, baş hakim nəticəyə təsir edən səhvə yol verdi?
- Yox. Bu, səbəb deyil. Oldu da səhv. Qol imkanlarımız var idi, bunlardan yararlanmaq lazım idi.
- Sanki komanda kubokdakı kimi istəkli deyildi...
- Deməzdim. İstəkli olmasaydıq, bu qədər qol imkanı yaratmazdıq. Yenə də qələbəyə istəkli idik.
- Finala çıxandan sonra "Neftçi" ilə çempionat matçına köklənə bilməyəcəyiniz gözlənilən idi. Çünki Premyer Liqada motivasiyanız artıq qalmayıb...
- Motivasiya vardı. Gördüyünüz kimi, nə qədər qol imkanları yaratdıq.
- Ancaq qol vura bilmədiniz. Hərçənd, həmin "Neftçi"yə kubokda bu stadionda 3 qol vurmuşdunuz...
- Səlahət Ağayev qapıda yaxşı oynadı. Kritik toplar çıxardı. "Neftçi" sonda tam müdafiəyə qapandı, qapalı futbol oynayırdı. Biz tərəfdən İstək, yaxşı oyun var idi. Əsas budur. Bu oyunu yaddan çıxarmaq lazımdır. Qarşıda "Kəpəz"lə ev matçımız var. İnanıram ki, həmin oyunda qalib gələrik. Yavaş-yavaş formanı yığmaq lazımdır ki, finaladək lazımı formaya çataq və bu oyunda səhvlərimizi təhlil edib gələn turlarda belə səhvlərə yol verməyək. "Neftçi"ni təbrik edirəm. Onlar üçün bu 3 xal daha çox lazım idi.
- Yəqin ki, keçmiş komandan "Qarabağ"ı da təbrik edərsən...
- Bəli, çempion oldular. Klub rəhbərliyi, baş məşqçi, futbolçuları, bütün kollektivi təbrik edirəm.
- Bu dəfə çempion heyətdə yer almamağından məyus olmadın?
- Xeyr. "Qarabağ"la 7-8 kubok götürmüşəm. "Qəbələ" ilə də bir kubok götürsəm, mənim üçün lap yaxşı olar.
- "Qəbələ" çempionatda artıq 5 turdur qalib gələ bilmir. Bunun nəticəsində 2-ci pillə də əldən gedə bilər. Bu təhlükəni hiss edirsiniz?
- Düzdür, "Sumqayıt"la 3 xal fərqimiz var. Bu komanda ilə oyunumuz da var, özü də Sumqayıtda. Ancaq inanıram ki, bu həftə "Kəpəz"i udsaq, hər şey yoluna düşəcək.
- Finalda rəqibin heyətində qohumun Vaqif Cavadova rəqib olacaqsan. Dayın oğlunla həlledici matç barədə danışmısınız?
- Final haqda danışmaq tezdir. Bir aydan çox vaxt var. Həmin müddətə kimi nə olacağı bilinməz. Ona görə indidən "Keşlə" ilə final haqda danışmağın bir mənası yoxdur. Qarşıda çempionat oyunları var ki, onlara köklənməliyik. Turnir cədvəlində 2-ci yeri tutmaq lazımdır ki, Avropa Liqasına vəsiqəni təmin edək.
- "Keşlə"nin kapitanı, vaxtilə komanda yoldaşın Kamran Ağayev isə indidən finala toxunub. Əvvəla, o, həmin matçın Qəbələdə keçirilməsindən xəbəri olmadığını mediaya açıqlayıb. Səncə, bu nə dərəcədə ciddi açıqlamadır?
- Kamrandır da... Qapıçıdır, fikir verməyin, olan şeydir. O, Azərbaycanda sevilən oyunçu, sevilən uşaqdır. Yəqin, qalmaqal yaratmaq istəyib. Bilmirdi, xəbəri oldu da. Kamran nə desə, yeri var. Hər sözündə bir şey axtarmaq lazım deyil.
- Ağayev finalın Qəbələdə keçirlməsindən narazıdır. Deyir ki, oyun ya Naxçıvanda, ya da Lənkəranda olsun...
- Onu biz qərar vermirik ki, harada oynayacağıq, harda yox. Məkanla bağlı PFL qərar verir, özü də qabaqcadan. Finala biz yox, "Neftçi" də çıxa bilərdi. Yaxud "Keşlə"nin kənarda qalması da mümkün idi. Nə fərqi var ki, orada oynadıq, yoxsa burada. Bizim üçün fərqi yoxdur.