"Biz də məğlubiyyəti gözləmirdik. Çox istəyirdim ki, qalib gələrək, 3-cü pilləyə yüksəlmək istəyirdik. 4-5-ci pillələrdən uzaqlaşmaq niyyətində idik. Amma alınmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Namik Ələskərov səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 23 yaşlı yarımmüdafiəçi digər sualları da cavablandırıb...
- "Neftçi" "Qəbələ" ilə matçdakı komandaya bənzəmirdi...
- Meydan amili var idi. Ot örtüyünün də müəyyən təsiri oldu. Bu, bəhanə deyil. Amma oyunumuz istədiyimiz kimi alınmadı.
- Bunu sürpriz məğlubiyyət saymaq olar?
- "Keşlə" yaxşı komandadır. Ölkə kubokunda da finala çıxıblar. Çempionatda bütün komandalar bir-birinə qalib gəlmək gücündədir. Bu gün də belə baş verdi.
- Bu tur "Zirə"nin məğlubiyyəti sizdə arxayınlıq yaratmışdı?
- İstəyirdik ki, qalib gələrək "Zirə"dən bir az da aralanaq. Təəssüflər olsun ki, alınmadı.
- Növbəti turda "Qarabağ"a qarşı oynayacaqsınız. Belə oyunla Ağdam klubunu məğlub edəcəyinizi düşünürsünüz?
- Bu dəfə alınmadı. Amma gələn oyun çalışacağıq ki, daha yaxşı çıxış edək. Rəqib də güclüdür. Əlimizdən gələni edəcəyik.
- Növbəti turda qarşılaşacağınız "Qarabağ"a qarşı oynamaq sənin üçün xüsusi bir önəm kəsb edir?
- Xeyr, bütün oyunlara hazırlaşdığım kimi köklənəcəyəm.
- Azarkeşlər bu gün sərt şəkildə etiraz etdilər. Onlar bildirirlər ki, futbolçular meydanda can qoymurlar. Fanatlar klub prezidentinə etiraz edirdi...
- Əlimizdən gələni edirik. Azarkeşlər haqlı olurlar. Onlar komandadan qələbə istəyirlər. Biz bunu bacarmayanda narazı qalırlar.