Bu gün Klublar Komitəsinin növbəti iclasından sonra "Neftçi”nin prezidenti Kamran Quliyev brifinq keçirib. Sportnet.az xəbər verir ki, K.Quliyev baş məşqçi Tərlan Əhmədovun gələcəyi ilə bağlı da danışıb...
- Tərlan Əhmədovun gedəcəyi və baş məşqçi postuna Samir Abasovun gələcəyinə dair məsələyə son nöqtə qoymağınızı xahiş edərdik?
- Son nöqtəni çempionatın axırında qoya bilərik. Bu barədə dəfələrlə fikir bildirmişəm.
- Başqa sözlə, Tərlan Əhmədovun mövsümün sonunda getmə ehtimalı var?
- Xahiş edirəm təxribat xarakterli suallar verməyin. Bizim baş məşqçimiz var və onunla müqaviləmiz mövcuddu. Biz də bu müqaviləyə hörmətlə yanaşırıq. Tərlan Əhmədovun arxasındayıq. Çempionat başa çatdıqdan sonra bu məsələyə qayıda bilərik. Bu cür suallar baş məşqçiyə də, komanda üzvlərinə də, azarkeşlərimizə də təsir edir. Gəlin bu məsələyə son qoyaq. Bugünə qədər işlədiyim digər klublarda, istər əsas komanda olsun, istər əvəzedici, istərsə də aşağı yaş qrupları, bütün məşqçilərə həmişə dəstək olmuşam. Klub olaraq hamımız Tərlan Əhmədovun arxasındayıq. Çempionatın sonunda "Neftçi”nin sponsoru, Müşahdə Şurası ilə baş məşqçi məsələsini müzakirə edə bilərik. Düşünməyin ki, mən bilirəm və demirəm. Hələ ki, bu məsələ müzakirə edilməyib. Yalnız mayın sonunda, çempionat başa çatdıqdan sonra bu mövzu müzakirəyə çıxarılacaq.
- Mətbuat konfranslarının birində Tərlan Əhmədov "qarşıma qitəmiqyaslı yarışlara vəsiqə qazanmaq vəzifəsi qoyulmamışdı” açıqlamasını vermişdi. Klub idarəediciliyində baş verən dəyişiklikdən sonra baş məşqçiylə vəzifələr ətrafında fikir mübadiləsi aparıldımı?
- Tərlan müəllim "Neftçi”yə baş məşqçi təyin olunduğu dövrdə mən başqa yerdə işləyirdim. Təyinatımdan sonra başlıca vəzifəm bundan ibarət idi ki, Tərlan Əhmədova dəstək olum. Bunu ilk gündən etdim və mövsümün sonunadək də davam etdirəcəm. Hər şey mümkündü, yolumuzu davam edə də bilərik, etməyə də. Bu məsələyə bir daha qayıtmamağınızı tək buradakı media mənsublarından deyil, ümumiyyətlə, KİV təmsilçilərindən xahiş edirəm. Çünki bütün bu məsələlər komandaya təsir edir.