Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Qarabağ”a qalib gələn (1:0) "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, Əhmədov əvvəlcə matçla bağlı fikirlərini bildirib:
-Bizim üçün vacib 3 xal idi. Mübarizəli, istəkli oyun gördük. Görüş bolqollu da ola bilərdi. 3-cü yer uğrunda mübarizə üçün bizim üçün vacib qələbə idi. Bizə dəstək olan hamıya təşəkkür edirəm. Xüsusilə, sonadək bizi dəstəkləyən azarkeşlərə.
- Əvvəl avrokuboklara düşməsəniz, istefa verəcəyinizi demişdiniz. İndiki məqamda istefa vermək mənasız olmaz ki?
- Onsuz da, mövsümün sonunda müqavilə müddətim bitir. Mənim qarşıma komandanın yaxşı oyun sərgiləməsi vəzifəsi qoyulmuşdu. Bu barədə mətbuatda müxtəlif xəbərlər dolaşır. Doğrudan da insan bu söz-söhbətdən artıq bezir. Artıq öz-özümdən şübhələnirəm ki, bunu mən bacarmışam? Qalib olanda, şərik çox olur. Məğlub olanda isə yox. Qarşıda iki tur var. Bundan sonra qalıb-qalmayacağım bəlli olacaq. Ancaq bir də deyirəm: mən komandaya gələndə, qarşıma qoyulan əsas məqsəd 6-7-ci yerləri tutmamaq idi.
- Rəhbərlik sizə qalmağı təklif etsə, cavabınız nə olacaq?
- Mən komandaya gələndə, rəhbərliyə şərt irəli sürmədim. Hətta öz komandamı belə gətirmədim. Hər halda, təklif olsa, mənim də şərtlərim olacaq.
- Lukas Qomes sona yaxın iki yüzfaizli qol imkanını qaçırdı...
- Vurulan bütün zərbələr qol olaydı, futbolun gözəlliyi olmazdı. Mirabdulla yorulmuşdu. Buna görə onu əvəzlədim. Hər halda, Qomes irəli xəttə heç də pis təsir bağışlamadı.
- Klubdaxili münaqişə ilə bağlı mətbuatda yayılan xəbərlər doğrudur?
- Hər halda məlumat yayılıbsa, deməli doğrudur.